“hərbi şengen” mexanizmini hazırlayır

Dünya

05.11.2025 15:35

Avropa İttifaqı (Aİ) Rusiya ilə mümkün silahlı qarşıdurma fonunda əsgərlərin, silahların, sursatların və yaralıların sürətli daşınması üçün vahid hərbi mobillik sistemi – “hərbi şengen” mexanizmini hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə "RMF24" nəşri məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası noyabrın 19-da Aİ-nin hərbi mobilliyi ilə bağlı sənəd təqdim edəcək. Sənəd üzv ölkələr daxilində hərbi texnika, şəxsi heyət və təchizatın effektiv və genişmiqyaslı daşınmasını əhatə edəcək.

Rəsmi Brüssel bu təşəbbüsü “hərbi şengen” adlandırır. Bu mexanizmdə məqsəd vahid hərbi mobillik zonası yaratmaq, qaydaları və prosedurları uyğunlaşdırmaq, eləcə də quru dəhlizləri, hava limanları və dəniz limanlarından ibarət ümumi infrastruktur şəbəkəsi formalaşdırmaqdır.

Hazırda Avropada bir çox körpü, tunel və yollar tankların və hərbi texnikanın daşınması üçün yararsız hesab olunur. Qərbdən Şərqi Avropaya ağır texnikanın köçürülməsi həm infrastruktur məhdudiyyətləri, həm də bürokratik maneələr səbəbindən çətinlik yaradır.

Yeni plan çərçivəsində Avropa Komissiyası bu məhdudiyyətləri aradan qaldırmaq və hərbi daşımaların sürətini artırmaq üçün infrastrukturun möhkəmləndirilməsini təklif edəcək. Bundan əlavə, sərhədlərarası hərbi nəqliyyat üçün vahid qaydaların müəyyənləşdirilməsi və gömrük-logistika sisteminin rəqəmsallaşdırılması nəzərdə tutulur.

Aysel Mətləb

TodayPress TV

tag: Aİ,Rusiya,Şengen,Avropa ,Todaypress.tv,