ABŞ ilin sonuna qədər Kubada rejim dəyişikliyi istəyir
Dünya
22.01.2026 11:15
ABŞ Prezidenti Donald Tramp administrasiyasının 2026-cı ilin sonuna qədər Kubadakı rejimə son qoymağı hədəflədiyi və Havana hökuməti daxilində danışıqlara açıq şəxslər axtardığı iddia edilir.
TodayPress TV xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb.
İddialara görə, Vaşinqton Venesuela Prezidenti Nikolas Maduronu həbs etmək əməliyyatından sonra Kubada da oxşar bir proses həyata keçirməyi planlaşdırır.
Administrasiyaya yaxın mənbələr bildiriblər ki, Kuba iqtisadiyyatı çökmək üzrədir və hökumət Venesueladan subsidiyalaşdırılmış neftin dayandırılmasından sonra tarixin ən həssas dövrünə qədəm qoyur. ABŞ rəsmiləri Kubanın bir neçə həftə ərzində neft çatışmazlığı ilə üzləşə biləcəyini və bunun da ölkə iqtisadiyyatının durğunluğa düşməsinə səbəb ola biləcəyini vurğulayıblar.
Xatırladaq ki, Ağ Ev lideri 11 yanvar tarixində sosial mediada paylaşım edərək bildirib ki, ABŞ artıq Kubaya neft və ya pul göndərməyəcək. O, həmçinin Havananı çox gec olmadan əvvəl razılaşma əldə etməyə çağırıb.
Aysel Mətləb
tag: ABŞ ,Kuba,Rejim,Venesuela ,Todaypress.tv,
