ABŞ-də 5 ştatdan Tramp administrasiyasına məhkəmə iddiası qaldırıldı
Dünya
09.01.2026 14:56
Demokratların idarə etdiyi Kaliforniya, Kolorado, Minnesota, İllinoys və Nyu-York ştatlarının baş prokurorları ABŞ Prezidenti Donald Tramp administrasiyasına qarşı məhkəməyə müraciət ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Bildirilib ki, Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsində qaldırılan iddiada baş prokurorlar fondların dondurulmasını “konstitusiyaya zidd səlahiyyətlərdən sui-istifadə” kimi qiymətləndiriblər.
Baş prokurorlar məhkəmədən Tramp administrasiyasına fondların dondurulması qərarının dayandırılması və vəsaitlərin yenidən azad edilməsi barədə göstəriş verilməsini tələb ediblər.
“Ən müdafiəsiz ailələr Tramp administrasiyasının xaos və intiqam kampaniyasının yükünü daşıyır", - deyə Nyu-York ştatının Baş prokuroru Letitia Ceyms vurğulayıb.
Kaliforniya ştatının Baş prokuroru Rob Bonta isə qeyd edib ki, dondurulan sosial fondların təxminən yarısı ştatdakı proqramların maliyyələşdirilməsinə yönəldilib.
Xatırladaq ki, ABŞ administrasiyası bir həftə içərisində 5 ştatı əhatə edən Uşaq Baxımı və İnkişafı, Ehtiyaclı Ailələr üçün Müvəqqəti Yardım və Sosial Xidmətlər üzrə Blok Qrant fondlarını dondurub.
Qeyd edək ki, dondurulan sosial təminat fondları həmin ştatlarda uşaqlara və aşağı gəlirli ailələrə yardım məqsədilə hazırlanmış proqramların federal maliyyələşdirilməsini təmin edirdi.
Aysel Mətləb
tag: Tramp,ABŞ,Məhkəmə,İttiham,Todaypress.tv,
