16 yaşdan aşağı şəxslərin sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihəsinə düzəlişlər təqdim edilib.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bunu Litva parlamentinin üzvü Daiva Ulbinayte təklif edib.
Deputat bildirib ki, “Uşaq təhlükəsizliyi ilə sosial media uyğun anlayışlar deyil. Məsələ yalnız artan asılılıqla bağlı deyil, həm də uşaqların sağlamlığına, inkişafına, psixikasına və hətta həyatına yönəlmiş real təhdidlərlə bağlıdır.
Tütün, alkoqol və qumar kimi təhlükəli fəaliyyətlərə yaş məhdudiyyəti tətbiq olunduğu kimi, rəqəmsal məkanda da insanın rəqəmsal yetkin hesab edildiyi və öz hərəkətlərinə görə məsuliyyət daşıya bildiyi yaş həddi aydın müəyyən edilməlidir”.
Düzəlişlərdə qeyd olunur ki, yetkinlik yaşına çatmayanların 97 faizi hər gün internetdən istifadə edir, 13–17 yaşlı uşaqların isə demək olar ki, yarısı telefonlarını daimi olaraq yoxlayır. Parlament nümayəndələri vurğulayıblar ki, “hər dörd uşaqdan biri artıq smartfon asılılığı ilə üzləşib”. Məktəblilərin təxminən yarısı sosial mediadan istifadəni problemli hesab edir.
Deputat əlavə edib ki, “Sosial mediada, xüsusilə ‘TikTok’ platformasında yayılan təhlükəli çağırışlar bəzi hallarda özünə zərər vurma və hətta ölüm halları ilə nəticələnib”.
Təklif olunan sənədə əsasən, sosial media platformaları istifadəçilər üçün effektiv yaş yoxlama mexanizmləri tətbiq etməlidirlər. Qaydaların ilk pozuntusuna görə 500–1500 avro, təkrar pozuntuya görə isə 1500–4000 avro məbləğində cərimə nəzərdə tutulur.
Oxşar məhdudiyyətlər 2025-ci ilin sonundan etibarən Avstraliyada qüvvəyə minib. Eyni istiqamətdə təşəbbüslər Fransa, Böyük Britaniya, Finlandiya, Almaniya və digər ölkələrdə də müzakirə olunur.
Jalə Rövşən
