Yollarda avtomobillərin dayanması üçün əlavə zolaq çəkilə bilər?
Cəmiyyət
11.12.2025 17:47
Bakının bir çox küçə və prospektlərində avtobus zolaqlarının yaradılması ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə mənzil başına daha sürətli çatmaq imkanı verir. Lakin yol kənarında yerləşən iaşə və ticarət obyektləri üçün bu, müəyyən çətinliklər yaradır. Çünki avtobus zolağına digər avtomobillərin daxil olması və orada dayanması qadağandır və qaydanı pozan sürücülər cərimələnirlər.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, şəhərdə əlavə zolaqların çəkilməsi hazırda real görünmür:

"Bakıda küçələr, prospektlər və binalar artıq formalaşıb. Bu səbəbdən zolaqları genişləndirmək və ya yenisini çəkmək çətindir. Sıxlıq və tıxacların qarşısını almağın yeganə yolu ictimai nəqliyyatın işini təkmilləşdirmək və avtobuslara xüsusi zolaqlar ayırmaqdır. Bu istiqamətdə işlər görülür. Təəssüf ki, bəzi ərazilərdə obyekt sahibləri müəyyən çətinliklərlə üzləşirlər, amma vətəndaşlar anlamalıdırlar ki, bu addım şəhərin ümumi nəqliyyat mühitinə müsbət təsir göstərir".
Ekspert əlavə edib ki, sahibkarların narazılığını azaltmaq üçün alternativ həllər tapılmalıdır:
"Əgər əlavə zolaq çəkmək mümkündürsə, bu, həyata keçirilməlidir. Vətəndaşların obyektlərə rahat daxil olub-çıxa bilməsi üçün yeni həll variantları düşünülməlidir. Hər bir obyekt üzrə yerində araşdırma aparılaraq heç kimə problem yaratmadan və narazılığa səbəb olmadan optimal həll yolu tapılmalıdır", - deyə Raqif Raufoğlu qeyd edib.
Türkan İsgəndərli
tag: Raqif Raufoğlu,Ekspert,Avtomobil,Yeni zolaq,Todaypress.tv,
