Yeni Klinikada niyə sıxlıq yaranıb? - RƏSMİ
"Sosial mediada Yeni Klinikanın qarşısında növbə sıxlığı ilə bağlı yayılan görüntülərlə əlaqədar olaraq bildiririk ki, tibb müəssisəsində tətbiq olunan sistemlərdə hər hansı texniki nasazlıq qeydə alınmayıb".
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, klinikada həkim qəbulları saat 09:00-da başlayır. Növbə sıxlığının qarşısını almaq məqsədilə qeydiyyat prosesi saat 08:00-dan etibarən həyata keçirilir:
"Görüntülərdə əks olunan vətəndaşlar qeydiyyatın başlanmasını gözləmək üçün Klinikanın qarşısına erkən saatlarda gələn şəxslərdir.
Qeyd etdiyimiz kimi, Klinikanın qapıları saat 08:00-da açılır və vətəndaşlar növbəli şəkildə içəri daxil olurlar".
Məlumatda vurğulanır ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada həm canlı, həm də onlayn növbə sistemi tətbiq olunur.
Vətəndaşlar “E-tabib” mobil tətbiqini yükləyib qeydiyyatdan keçdikdən sonra seçdikləri həkim-mütəxəssis üçün onlayn növbə (randevu) əldə edə bilirlər.
Yeni Klinika pasiyentlərə daha rahat və çevik xidmət göstərilməsi üçün bütün prosesləri nəzarətdə saxlayır.
Türkan İsgəndərli