“YAŞAT” Fondunun 5 İLLİK NƏTİCƏLƏRİ

Cəmiyyət

08.12.2025 11:22

Təhsil və inkişaf yönümlü layihələrlə bağlı geniş məlumat təqdim edilib.

TodayPress TV xəbər verir ki, Fonddan verilən məlumata görə, 25–27 fevral 2025-ci il tarixində Naxçıvanda şəhid övladları üçün qış düşərgəsi təşkil olunub. 

Layihə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, AHİK-in, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tərəfdaşlığı və Azərbaycan Hava Yollarının dəstəyi ilə reallaşdırılıb. Düşərgə 11–16 yaş aralığındakı 25 iştirakçını əhatə edib və məqsəd qış mövsümünə uyğun idman oyunu bacarıqlarını artırmaq, yeni dostluqların formalaşmasına şərait yaratmaq olub.

3 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi ilə “YAŞAT” Fondu arasında yeni əməkdaşlıq memorandumu imzalanıb. Sənəd 44 günlük Vətən müharibəsi şəhid ailələrinə və müharibə əlillərinə mənəvi dəstəyin gücləndirilməsini hədəfləyir.

18–20 aprel 2025-ci ildə Qusar rayonunda 1-ci intellektual marafon keçirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutan layihə 16–21 yaş aralığındakı 41 şəhid övladını əhatə edib. Marafonun təşkilinə Şahdağ Turizm Kompleksi, “PAŞA Technology” və Dünya Türk Biznes Şurası dəstək göstərib.

24 may 2025-ci ildə Gəncə şəhərində “Bilimdən Zəfərə” layihəsi keçirilib. Layihə “YAŞAT” Fondu, “ASAN xidmət”, “İnnovasiyalar Mərkəzi”, “Bilim Bakı” Mərkəzinin birgə təşkilatçılığı ilə və Ziraat Bank Azərbaycanın sponsorluğu ilə baş tutub. Gəncə, Göygöl, Daşkəsən və Samuxdan olan 6–14 yaş aralığındakı 84 şəhid övladı iştirak edib.

Hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Hədiyyə karvanı” layihəsi gerçəkləşdirilir. Bu il 4-cü dəfə təşkil olunan layihə ilə ölkənin müxtəlif regionlarında yaşayan 14 yaşınadək 1 673 şəhid övladına hədiyyə qutuları çatdırılıb. Layihəyə Abşeron Logistika Mərkəzi və Azərsun Kağız və Karton İstehsalat Korporasiyası dəstək göstərib.

4–31 may 2025-ci il tarixlərində “Kiçik sahibkarlar, böyük hədəflər” adlı sosial-iqtisadi maarifləndirmə layihəsi həyata keçirilib. Layihə PAŞA Bankın dəstəyi və “Bilim Bakı”nın təşkilatçılığı ilə baş tutub, 10–14 yaş aralığındakı 100 şagirdin sahibkarlıq bacarıqlarının inkişafına yönəlib.

2025–2026-cı tədris ili başlayarkən şəhid övladları üçün məktəbli ləvazimatları aksiyası təşkil olunub. Layihə çərçivəsində 885 şəhidin 1 467 məktəbli övladı üçün hədiyyə qutuları hazırlanaraq çatdırılıb. Sponsorlar arasında bp, NEQSOL Holding, Bakcell, Norm ASC, AzInTelecom və Nar yer alıb.

16 iyun – 1 avqust 2025-ci il tarixlərində 4-cü “YAŞAT” düşərgəsi keçirilib. Layihədə ümumilikdə 457 şəhid övladı iştirak edib, onlardan 18-i Türkiyə vətən daşıyıcılarıdır. Düşərgə çərçivəsində uşaqlar üçün təlimlər, görüşlər, ekskursiyalar və konsert proqramları təşkil olunub. Türkiyəli iştirakçılar səfər çərçivəsində Müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Kərim Vəliyevlə də görüşüblər.

1 iyul 2025-ci ildə Hövsanda “Aerokosmik Modelçilik Festivalı 2025” keçirilib və “YAŞAT” Fondu tərəfindən hazırlanan 5 şəhid övladı festivalda iştirak edərək “S-6-A Streamer” kateqoriyasında qalib olub.

20 iyul – 3 avqust 2025-ci il tarixlərində Londonda 3-cü “YAŞAT” yay məktəbi təşkil olunub. 14 gün davam edən layihədə UCL-də ingilis dili dərsləri və şəhər ekskursiyaları keçirilib. Yay məktəbində 9-cu sinif üzrə buraxılış imtahanlarında ən yüksək nəticə göstərən 10 şəhid övladı iştirak edib.

17 iyul 2025-ci ildə gözdən əlillər üçün ağıllı əsa layihəsinə start verilib. İlk mərhələdə 6 ağıllı əsa müharibə əlillərinə təqdim olunub.

1–3 noyabr 2025-ci il tarixlərində Qubada 2-ci intellektual marafon keçirilib. Layihə bp, Azercell və Quba Palace Hotelin sponsorluğu ilə 16–23 yaş aralığındakı 48 şəhid övladını əhatə edib.

9–13 noyabr 2025-ci ildə 10 şəhid övladının İstanbul səfəri təşkil olunub. Səfər Azərbaycan Diasporuna Dəstək Fondu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Qaziosmanpaşa Kaymakamlığının tərəfdaşlığı ilə həyata keçirilib.

Sonda bildirilib ki, fondun fəaliyyətinə dair tam hesabatlılıq www.yashat.gov.az saytının “Hesabatlılıq” bölməsində ictimaiyyət üçün açıq şəkildə təqdim olunur.

Qiymət Mahir

TodayPress TV

tag: YAŞAT,Fond,5 il,Nəticə,Todaypress.tv,