Xəzər elə hala düşdü ki, su əvəzinə mazut, adamlara yapışır
Son günlər Xəzər dənizinin Azərbaycana düşən hissəsində neft sızması müşahidə olunub. Nəticədə su hövzəsi çirklənib.
TodayPress TV xəbər verir ki, Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi uzun illərdir ki, neft sənayesinin ağır yükünü daşıyır.
Bu dəniz, neft hasilatı, nəqli və emalı nəticəsində getdikcə daha çox çirklənir. Neft ləkələri, ağır metallar və kimyəvi tullantılar suyun təmizliyini pozur, canlıları məhv edir.
Neft çirklənməsinin əsas mənbələri köhnə quyular, tanker qəzaları və çaylar vasitəsilə gələn sənaye tullantılarıdır. Azərbaycan, Qazaxıstan və Rusiya sahillərində neft hasilatı xüsusilə intensivdir. Bu proseslər zamanı baş verən kiçik və böyük sızmalar dənizin dibini və səthini neft filmləri ilə örtür. Qapalı hövzə olduğu üçün Xəzərdə suyun özünü təmizləmə qabiliyyəti məhduddur, çirklənmə illərlə, hətta onilliklərlə qala bilir.
Neft suyun oksigen səviyyəsini kəskin şəkildə aşağı salır. Bu, plankton və bentos orqanizmlərinin kütləvi ölümünə səbəb olur. Onlar isə qida zəncirinin əsasını təşkil edir. Nəticədə balıq populyasiyaları, xüsusilə qiymətli nərə balıqları sürətlə azalır. Bir vaxtlar Xəzərin simvolu sayılan nərə cinslərinin bir çoxu artıq qırmızı kitab siyahısındadır, bəziləri isə tamamilə yox olmaq ərəfəsindədir.
Dənizdə yaşayan nadir heyvanlardan biri Xəzər suitisi də böyük təhlükə altındadır. Son illərdə kütləvi şəkildə suiti cəsədlərinin tapılması da buna sübutdur.
Neftin tərkibindəki benzol, toluol və ağır metallar balıqların və digər canlıların orqanizminə daxil olur problemlərə və kütləvi ölüm hallarına səbəb olur.
Neft çirklənməsi yalnız suyu deyil, dəniz dibini və sahil torpaqlarını da zəhərləyir. Çirkli çöküntülər illərlə orada qalır və ikinci dərəcəli çirklənmə mənbəyinə çevrilir. Dənizin səviyyəsinin enməsi ilə birlikdə bu problem daha da dərinləşir. Quruyan ərazilərdən neft qalıqları və duzlu toz fırtınaları qalxır, ətraf mühiti daha da pisləşdirir.
Alimlər xəbərdarlıq edirlər ki, əgər vəziyyət dəyişməsə, Xəzər Aral dənizinin taleyini təkrarlaya bilər. Artıq bəzi sahil bölgələrində “ölü zonalar” yaranıb, burada demək olar ki, heç bir canlı qalmayıb.
Qeyd edək ki, həmin əraziyə helikopter və gəmilərin cəlb olunması ilə bağlı monitorinq aparılıb. Sızmaya səbəb sualtı boru kəmərlərindən birinin nasazlamasıdır. "Azneft" İB-nin aidiyyəti xidmətlərinə daxil olan ilkin siqnallardan sonra helikopter və gəmilərin cəlb olunması ilə aparılan monitorinqlər ərazidə neft ləkəsinin formalaşdığını təsdiqləyib.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən rəsmi açıqlamalara görə, ilkin mərhələdə sızma nöqtəsi vizual olaraq görünmədiyi üçün bir neçə ehtimal nəzərdən keçirilsə də, dərin diaqnostik yoxlamalar çirklənmə mənbəyinin sualtı boru kəmərlərindən biri olduğunu üzə çıxarıb. Şirkət rəsmiləri dərhal həmin xətt üzrə neftin nəqlini tamamilə dayandıraraq "Azneft" İB nəzdində operativ qərargah yaradıblar və dalğıc xidmətinin araşdırmaları nəticəsində kəmərdə mexaniki zədələnmə aşkarlanıb.
Türkan İsgəndərli