Xanım sürücülər "Baku Bus"da: Qəzalar azalacaq!
Cəmiyyət
25.11.2025 17:27
Noyabrın 24-dən etibarən “Baku Bus”un xanım sürücüləri rəsmi şəkildə fəaliyyətə başlayıblar. AAYDA-nın (AYNA) proqramı çərçivəsində ilkin mərhələdə qadın sürücülərə təcrübəli mentor-sürücülər tərəfindən dəstək göstərilir.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, qadınların avtobus sürücüsü kimi fəaliyyətə başlaması tamamilə normal və müasir dünya təcrübəsinə uyğun addımdır.
“Dünyada kifayət qədər nümunələr var. Statistikaya baxanda, qadınların idarə etdiyi avtobuslar kişilərlə müqayisədə daha az qəza törədir. Çünki qadınlar emosional baxımdan daha təmkinlidir və bu, sükan arxasında özünü aydın şəkildə göstərir".
Ekspert hesab edir ki, qadın sürücülərin işə cəlb olunması nəqliyyat mədəniyyətinə müsbət təsir göstərəcək:
"Düşünürəm ki, bu addım nümunəvi olacaq və nəticələr müsbət olduqca xanım sürücülərin sayı da artırılacaq. Artıq şəhərdə sükan arxasında kifayət qədər qadın görürük və demək olmaz ki, onlar kişilərdən daha pis idarə edirlər".

Raqif Raufoğlu qeyd edib ki, qadınların nəqliyyat sektorunda iştirakının artması təhlükəsiz və komfortlu sərnişindaşımanın inkişafına müsbət töhfə verəcək.
Məlumat üçün bildirək ki, qadın sürücülər 140 və 121E ekspres marşrutlarda fəaliyyət göstərəcəklər.
Türkan İsgəndərli
tag: Raqif Raufoğlu,Ekspert,BakuBus,Qadın Sürücü,Todaypress.tv,
