Sosial şəbəkələrdə etik pozuntulara görə cəzalar artırılır: Sərt qanunlar real dəyişiklik yarada bilər?

Cəmiyyət

24.11.2025 18:03

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, qeyri-etik və əxlaqa zidd paylaşımlara görə sanksiyalar sərtləşdiriləcək. Belə ki, qanunvericiliyə təklif edilən dəyişikliklərə əsasən, belə davranışlara yol verən şəxslər 500-1000 manat cərimə oluna və ya 30 sutkayadək inzibati həbs edilə bilərlər.

Bəs insanların sosial şəbəkədə etik qaydaları pozmasının səbəbləri nədir? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, sosial şəbəkələrdə süzgəc mexanizmi və filtr sistemləri çoxdan tətbiq olunmalı idi və hazırda müzakirə edilən qanun dəyişiklikləri mühüm addımdır:


"Biz dəfələrlə demişdik ki, sosial şəbəkələrin fəaliyyəti xüsusi qanunla tənzimlənməlidir. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri müsbət qarşılayıram. Amma bununla kifayətlənmək olmaz. Cinayət Məcəlləsinə də adekvat dəyişikliklər edilməlidir. Bəzi istifadəçilər sosial şəbəkələri “boz zona” kimi qəbul edir və istənilən hüquqazidd paylaşım edə biləcəklərini düşünür. Bəzi insanlar elə bilir ki, sosial şəbəkə azad məkandır, nə istəsələr yaza bilərlər və məsuliyyət daşımayacaqlar. Bu böyük yanılqıdır. Real həyatda hüquqazidd olan davranış sosial şəbəkədə də hüquqi məsuliyyət yaradır".

Sosioloq əlavə edib ki, hüquq-mühafizə orqanlarının apardığı tədbirlər vacibdir, lakin bu proses mütəmadi xarakter daşımalıdır:

"Bəzən biz belə hallara qarşı mübarizəni kampaniya kimi görürük. Bu, davamlı olmalıdır. Çünki "TikTok" və digər platformalarda əxlaqsızlığı, ailə dəyərlərini dağıdıcı davranışları, boşanmanı təşviq edən paylaşımları artıran kontent çoxdur".

Ekspert vurğulayıb ki, tənzimləmə yalnız ümumi cəzalarla məhdudlaşmamalı, qanunda konkret hallar dəqiq göstərilməlidir:

"Təkcə əxlaqsızlığın təbliği yox, ailə bağlarını sarsıdan, milli-mənəvi dəyərlərimizi hədəfə alan, arxetiplərimizi dağıdan paylaşımlar ayrıca qeyd olunmalıdır. Sosial şəbəkədə törədilən hüquqazidd davranışların hamısı üçün tam aydın hüquqi çərçivə olmalıdır. Sərt cəza ilə yanaşı hüquqi maarifləndirmə də paralel şəkildə aparılmalıdır. Cərimələr, inzibati və ya cinayət məsuliyyəti sərtləşməli, eyni zamanda geniş maarifləndirmə işləri aparılmalıdır. İstifadəçilər anlamalıdır ki, artıq sosial şəbəkələrdə hüquqazidd davranışlar diqqətdən yayınmır".

Üzeyir Şəfiyev hesab edir ki, həm cəzaların sərtləşdirilməsi, həm texnoloji süzgəclərin tətbiqi, həm də maarifləndirmə tədbirləri birlikdə həyata keçirilsə, sosial şəbəkələrdə etik pozuntuların kəskin azalması mümkündür.

Qeyd edək ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq sayılacaq, inzibati həbs və cərimə tətbiq olunacaq.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Türkan İsgəndərli

 TodayPress TV

tag: Sosial media,Cəza,Tiktok,Cərimə,Todaypress.tv,