Sığınacaqdakı 16 yaşlı qızın faciəsi: Mehriban Zeynalova təfərrüatları danışdı...
Cəmiyyət
20.11.2025 14:04
Binəqədi rayonunda yerləşən sığınacaqda ölüm hadisəsi baş verib. Noyabrın 19-da Binəqədi rayonunun Motodrom qəsəbəsində yerləşən həmin sığınacaqda yaşayan 2009-cu il təvəllüdlü Nurcan Elşad qızı Cəfərova 4-cü mərtəbənin pəncərəsindən yıxılıb. Xəstəxanaya çatdırılan azyaşlı bir neçə saat sonra vəfat edib.
“Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hadisə ilə danışıb.
TodayPress TV xəbər verir ki, o, bununla bağlı "Facebook" səhifəsində paylaşım edib.
Bildirib ki, sığınacaq tarixində ilk dəfə bu cür ağır faciə yaşanır və qurum bu itki ilə dərindən sarsılıb.
Belə ki, sığınacaqda qalan 2009-cu il təvəllüdlü qızın ən böyük arzusu doğulduğu rayonuna qayıdaraq ailəsinə – xüsusilə də atasına və xalasına qovuşmaq olub. Lakin bu arzu heç vaxt reallaşmayıb. Sığınacaq bildirir ki, qızın xalası onu götürmək istədiyini dəfələrlə bildirsə də, nə himayəyə götürmək üçün müraciət edib, nə də real addım atıb.
Qurum rəsmisi əlavə edib ki, azyaşlının vəziyyəti barədə dəfələrlə Sosial Xidmətlər Agentliyinə məlumat verilib:
“Sosial xidmətin əməkdaşları onun ailəsinə qaytarılması üçün çox çalışdı. Amma nə ailəsi, nə də ən doğma insan olan atası onu yanına götürmədi. Agentliyin əməkdaşları onunla dəfələrlə fərdi söhbətlər aparmışdı, lakin bu da nəticə vermədi. Onun tək istəyi ailəsinə qovuşmaq idi”.
Sığınacaqdan verilən açıqlamada qızın psixoloji durumunun da son vaxtlar xeyli ağırlaşdığı vurğulanıb:
“Onu ən çox tükəndirən atasının ondan imtina etdiyini eşitməsi oldu. Bu xəbər onun qalan bütün ümidlərini də qırdı".
Qurum hadisənin baş verə biləcəyindən ehtiyat etdiklərini, buna görə də bütün aidiyyəti qurumları məlumatlandırdıqlarını bildirib:
“Sığınacaq qapalı müəssisə deyil. Biz belə bir faciənin baş verəcəyini düşünmürdük, amma təhlükənin fərqində idik. Təəssüf ki, həyatının baharını belə yaşamamış bu qız dünyadan köçdü. Son olaraq qohumları yalnız ondan qalan cüzi məbləği və geyimlərini götürdülər.”
Qeyd edək ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Jalə Rövşən
tag: Mehriban Zeynalova,Sədr,Qız,Ölüm,Todaypress.tv,
