Şəhərsalmada ekoloji tələblər gündəmə gətirildi
Dövlət Ekoloji Ekspertiza Agentliyində (DEEA) "Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər" mövzusunda ictimai dinləmə keçirildi. Tədbir Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2026-cı il tarixli 912 nömrəli Sərəncamı ilə elan edilmiş "Şəhərsalma və Memarlıq İli" çərçivəsində həyata keçirildi.
TodayPress TV xəbər verir ki, dinləməyə memarlar, şəhərsalma subyektlərinin nümayəndələri, dövlət qurumlarının mütəxəssisləri, ekoloqlar, QHT və KİV iştirak etdi.
Tədbirdə şəhərsalma subyektlərinin ekoloji öhdəlikləri, memarların layihələndirmə mərhələsində riayət etməli olduqları normativlər və "yaşıl tikinti" standartlarına uyğunluğun təmin edilməsi məsələləri geniş müzakirə olundu. İştirakçılar ərazi planlaşdırılmasında yaşıl sahələrin artırılması, yaşıllıqların qorunması, müasir tullantı idarəçiliyi sistemlərinin tətbiqi və su qənaəti tədbirləri barədə fikir mübadiləsi apardılar.
Bundan əlavə, tikinti layihələrində enerji səmərəliliyi standartlarının tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadə, dam yaşıllıqları və vertikal bağların layihəyə inteqrasiyası, habelə ekoloji sertifikatlı tikinti materiallarının tətbiqi məsələləri müzakirəyə çıxarıldı.
Müzakirələr zamanı Azərbaycan şəhərlərini, xüsusən Bakı və Abşeron yarımadasındakı yaşayış məntəqələrini daha sağlam, dayanıqlı və ekoloji cəhətdən tarazlı şəhər mühitinə çevirmək üçün beynəlxalq "yaşıl bina" standartlarının ölkə şəraitinə uyğunlaşdırılmasının zəruriliyi xüsusi vurğulandı. İştirakçılar şəhərsalma qanunvericiliyinin müasirləşdirilməsi, peşəkar maarflənmə və normativ-hüquqi bazanın beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi istiqamətlərini prioritet kimi qiymətləndirdilər.
Dinləmənin nəticələri ümumiləşdirilərək müvafiq tövsiyə və təkliflər aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.
Qeyd edək ki, Agentlik tərəfindən "Şəhərsalma və Memarlıq İli" boyunca bu istiqamətdə ictimai müzakirə və maarifləndirmə fəaliyyətləri davam etdiriləcəkdir.
Qiymət Mahir