Qanun dəyişir: Səkkiz min manatlıq müavinət kimlərə veriləcək?
Cəmiyyət
08.12.2025 13:14
“Azərbaycanda yeni müavinətin verilməsinə başlanılacaq. Belə ki, “Dövlət qulluğu haqqında” Qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur”.
TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. O qeyd edib ki, qanuna nəzərdə tutulan dəyişiklik qüvvəyə mindikdən sonra bu əsasla dövlət qulluğuna xitam verildikdə, dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında birdəfəlik müavinət ödəniləcək:
“2024-cü ilin yekunlarına əsasən, ölkədə dövlət qulluqçularının sayı 27,4 min nəfərdir və onların orta aylıq nominal məvacibi təxminən iki min manat təşkil edir. Bu isə onu göstərir ki, yeni müavinətin məbləği orta hesabla 8 min manat olacaq. (Orta aylıq dövlət məvacibi – 2 min manat x 4)”.
Vüqar Bayramov bildirib ki, yeni müavinətin tətbiqində əsas məqsəd dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarının artırılmasıdır:
“Müavinət həm vətəndaşlarımızın sosial təminatını gücləndirmək, həm də dövlət qulluğunda çalışan şəxslərin ailələri üçün əlavə sosial qoruma mexanizmi yaratmaq baxımından əhəmiyyətlidir”.
Qiymət Mahir
tag: Vüqar Bayramov,Deputat,Müavinət,Ödəniş,Todaypress.tv,
