Plastik torbalar niyə bahalaşıb?
Cəmiyyət
09.12.2025 13:15
Ölkənin bir sıra supermarket şəbəkələrində plastik torbaların qiyməti artırılıb. Yeni tarifə əsasən, kiçik ölçülü torbalar 3 qəpikdən 5 qəpiyə, iri plastik torbalar isə 5 qəpikdən 7 qəpiyə qalxıb. Qısa müddətdə tətbiq olunan bu bahalaşma alıcılar arasında narazılıq yaradıb.
Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli TodayPress TV-yə açıqlamasında qiymət artımının bazar mexanizmləri ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, plastik torbaların bahalaşmasının əsas səbəbi istehsal xərclərinin yüksəlməsidir:
"Adətən bu tip qiymət artımları xammalın, enerji daşıyıcılarının və daşımacılıq xərclərinin bahalaşması ilə bağlı olur. İstehsal prosesində istifadə edilən plastik material idxal olunduğu üçün beynəlxalq bazarlardakı qiymət dəyişiklikləri də birbaşa təsir göstərir".
Ekspert həmçinin kiçik və böyük torbaların qiymət fərqinə də aydınlıq gətirib:
"Kiçik torbalar daha az material tələb etdiyinə görə onların qiyməti aşağı olur. Böyük plastik torbaların istehsalında istifadə olunan material miqdarı və əmək sərfi daha çoxdur, buna görə onların qiyməti 7 qəpik müəyyən edilib".
Akif Nəsirlinin fikrincə, bahalaşma xüsusi dövlət tənzimləməsi ilə bağlı deyil, daha çox istehsalçıların artan məsrəfləri kompensasiya etmək cəhdi kimi ortaya çıxıb.
İqtisadçı əlavə edib ki, son illər plastik torbalardan istifadənin məhdudlaşdırılması siyasəti çərçivəsində alternativ ekoloji çantaların yayılması da bazarda plastik torbaların satış həcmini azaldır və qiymətlərin dəyişməsinə dolayı təsir göstərə bilər.
Türkan İsgəndərli
tag: Akif Nəsirli,İqtisadçı,Plastik torba,Bahalaşma,Todaypress.tv,
