Millət vəkili: “Beton və daş tikililər torpağı yararsız hala salır”
Cəmiyyət
09.12.2025 17:34
Prezidentin imzaladığı yeni Fərman kənd təsərrüfatı təyinatlı torpaqlarda hansı tikililərin inşa edilə biləcəyini dəqiq müəyyənləşdirib. Sənədə əsasən, bu torpaqlarda yalnız müvəqqəti və yüngül konstruksiyalı tikililərə icazə verilir. Beton əsaslı tövlə, anbar, ev və digər ağır tikililərin inşası isə qadağan olunub.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev TodayPress TV-yə açıqlamasında bildirib ki, dəyişiklik torpaqların qorunması və gələcəkdə səmərəli istifadəsinin təmin olunması məqsədi daşıyır.
Onun sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqların 5 hektardan az olmayaraq 1 faizində müəyyən tikinti və quraşdırma işlərinə icazə verilir. Amma ağır, torpağa zərər verən materiallardan istifadə qadağandır:
"Əgər həmin ərazilərdə beton, daş, dəmir kimi möhkəm materiallardan istifadə olunarsa, torpağın keyfiyyəti itə bilər və gələcəkdə məhsul yetişdirmək mümkün olmaz. Buna görə qərara alınıb ki, burada yalnız yüngül konstruksiyalar qurulsun".
Deputat əlavə edib ki, bu tikililər həm müvəqqəti, həm də daimi ola bilər, lakin sadə olmalıdır. Çünki bir çox hallarda insanlar mövsümi işlərlə bağlı 5-6 ay həmin ərazilərdə fəaliyyət göstərir:
"Belə olan halda 5-6 aylıq mövsüm üçün orada beton və ya daşdan böyük tikili inşa etmək düzgün deyil. Çıxıb gedəndən sonra həmin tikili torpağın strukturunu korlayır və uzunmüddətli ziyan vurur. Məhsulun saxlanması üçün anbarlar, mövsümi işçilərin qalması üçün sadə yaşayış tipli tikililər quraşdırıla bilər. İnsanlar orada rahat istirahət edə bilər, məhsulu saxlamaq üçün anbarlar qura bilər, lakin bütün tikintilər sadə və yüngül materiallardan olmalıdır. Fərmanın məqsədi torpaqların səmərəli istifadəsi və onların korlanmasının qarşısının alınmasıdır".
Parlamentari vurğulayıb ki, ictimaiyyətdə müəyyən çaşqınlıq yaranıb və bəzi insanlar bu qərarı “tam tikinti qadağası” kimi qiymətləndirirlər:
"Bəziləri düşünür ki, fərman imzalanıbsa, orada ümumiyyətlə tikinti aparmaq olmaz. Yox, aparıla bilər. Sadəcə, qarşıya qoyulan tələblərə uyğun olmalıdır. Hər hansı tikinti işinə başlamazdan əvvəl müvafiq dövlət qurumlarından rəy alınmalı, tikinti məcəlləsinə tam riayət edilməlidir. Müvafiq orqanların rəyi alındıqdan sonra sahibkarlar orada öz rahatlığı və iş şəraiti üçün lazım olan tikililəri qura bilərlər", - deyə Tahir Rzayev qeyd edib.
Türkan İsgəndərli
tag: Tahir Rzayev, Deputat,Beton,Daş tikili,Todaypress.tv,
