Güclü maqnit qasırğası baş verəcək - Çölə çıxmayın

Cəmiyyət

09.12.2025 17:10

Dekabrın 9-dan 10-na keçən gecə Yer kürəsində güclü maqnit qasırğasının baş verəcəyi gözlənilir.

Bu proses hansı insanlara təsir edəcək?

Mövzu ilə bağlı terapevt Etibar Süleymanov TodayPress TV-yə danışarkən  bildirdi ki, maqnit qasırğalarının əksər insanlar üçün ciddi təhlükəsi yoxdur.


Lakin meteo-həssas insanlar üçün bəzi əlamətlər ortaya çıxa bilər:

"Həmin insanlarda təzyiq xəstələrində təzyiqin yüksəlməsi, həssas sinir sistemi olanlarda baş ağrısı, ümumi halsızlıq və yorğunluq, yuxu pozuntusu və əhvalın dəyişməsi baş verə bilər".

Həkimin sözlərinə görə, belə günlərdə meteo-həssas şəxslərə daha diqqətli olmaq, gündəlik fəaliyyəti yüngülləşdirmək və özünü yormamaq tövsiyə olunur.

Ekspert həmçinin bildirir ki, geomaqnit qasırğaları zamanı ürək-damar sistemi xəstəlikləri olanlar, yaşlılar və xroniki narahatlığı olanlar öz vəziyyətlərini nəzarətdə saxlamalıdırlar. Suyu normadan az içməmək, açıq havada qısa gəzinti etmək və stressdən uzaq durmaq tövsiyə edilir.

Mütəxəssis əlavə edib ki, maqnit qasırğalarının psixoloji təsirləri də mümkündür. Bəziləri özünü adi günlərdən daha əsəbi və ya gərgin hiss edə bilər:

"Bu simptomlar adətən 24-48 saat ərzində keçib gedir. Qasırğanın pik saatlarının gecə vaxtına düşməsi isə gündəlik həyat ritminə ciddi təsir göstərməyəcək. Xüsusilə həssas insanlar öz səhhətlərinə qarşı diqqətli olmalıdırlar", - deyə Etibar Süleymanov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Etibar Süleymanov,Terapevt,Maqnit qasırğası,Xəbərdarlıq,Todaypress.tv,