Dövlət Xidməti: “Abidələr mütəmadi nəzarətdədir”

Cəmiyyət

11.12.2025 15:57

Bakı şəhəri Səbail rayonu, Rəşid Behbudov küçəsi 12 ünvanında yerləşən, 3320 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın ikinci mərtəbəsindəki mənzilin eyvanı təbii təsirlər nəticəsində uçub. Hadisə sakinlər arasında narahatlıq yaradıb və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli TodayPress TV-yə açıqlamasında bildirib ki, abidələrin vəziyyəti dövlət nəzarəti altında saxlanılır:


"Əməkdaşlarımız nəzarətlərində olan abidələrə mütəmadi nəzarət edirlər. Hər hansı təhlükəli məqam olarsa aidiyyəti üzrə məlumat verirlər".

Mətbuat katibinin sözlərinə görə, monitorinqlər zamanı aşkar edilən problemlər uyğun qurumlara təqdim olunur və onların aradan qaldırılması üçün prosedur qaydalarına uyğun tədbirlər görülür. Bu proses həm abidənin konstruktiv dayanıqlığının qiymətləndirilməsini, həm də təhlükə yaradan elementlərin təxirəsalınmaz şəkildə həllini nəzərdə tutur.

Qurum rəsmisi əlavə edib ki, xüsusən payız-qış mövsümündə yağış, külək və digər hava amilləri tarixi binalarda aşınmanı sürətləndirir. Buna görə də müntəzəm baxışlar və operativ məlumatlandırma sistemi abidələrin qorunması üçün əsas mexanizmlərdən biridir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fariz Hüseynli,Katib,Bina,Uçqun,Todaypress.tv,