Dosent deputata CAVAB verdi: "Bu, mütləq olmalıdır!"
Cəmiyyət
21.11.2025 13:01
Deputat Səyyad Salahlı Milli Məclisdə çıxışı zamanı dərman qutularından çıxan kağızların ölçüsünün böyük olduğunu, onların kiçildilməsinin zəruri olduğunu bildirib.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev TodayPress TV-yə açıqlamasında deyib ki, həmin kağızlar dərman haqqında ətraflı məlumatın verilməsi üçün nəzərdə tutulmuş vacib sənədlərdir və onların geniş olması tamamilə normaldır:

"Dərmanların içindən çıxan kağızlara dərman annotasiyası, yəni dərman içlikləri deyilir. Biz dərmanların çoxunu xaricdən alırıq. Dərmanla birlikdə içliklər də xaricdən gəlir, burada isə düzgün şəkildə tərcümə olunur".
Dosent əlavə edib ki, inkişaf etmiş ölkələrdə artıq sadələşdirilmiş “səhər iç, günorta iç, axşam iç” kimi izahlar verilmir. Əksinə, dərmanın bədənə, orqanlara və qan dövranına necə təsir göstərdiyi barədə geniş və elmi məlumat təqdim olunur:

"Amerika və Avropada artıq adi reseptlərlə ‘bu dərmanı səhər iç, günorta iç, axşam iç’ yazılmır. Orada dərmanın insan bədənində hansı orqanlara və necə təsir etdiyi göstərilir. İnsan da həmin içliyə baxanda öz bədənini, öz əlamətlərini anlayır".
Aydın Əliyevin sözlərinə görə, dərman içliklərindəki bu məlumat bolluğu həm maarifləndirmə xarakteri daşıyır, həm də vətəndaşların istifadə etdiyi preparat barədə məlumatlı olmasına imkan yaradır:
"Bu maarifləndirmə üçündür. Həmin dərmanlar bizə gəlir, içlikləri də düzgün tərcümə olunur və bu şəkildə vətəndaşlara təqdim edilir. Bu tam normaldır. Artıq köhnə yanaşma geridə qalıb. Dərmanın insan bədənindəki bütün orqanlara və qana təsirinin göstərilməsi insanların sağlamlıq maarifləndirilməsinə xidmət edir. Bu çox vacibdir, lazımdır və mütləq olmalıdır".
Həkim vurğulayıb ki, dərman annotasiyalarının azaldılması doğru yanaşma olmayacaq. Əksinə, geniş və detallı məlumatın verilməsi ictimai sağlamlıq baxımından mühüm rol oynayır.
Türkan İsgəndərli
tag: Aydın Əliyev,Dosent,Səyyad Salahlı,İrad,Todaypress.tv,
