Çay yataqlarında ev tikilir, 30 il sonra sel aparacaq - Rəsmi açıqlama
Cəmiyyət
08.05.2026 15:30
“Bizim cəmiyyətdə belə bir yanaşma formalaşıb ki, harada tikinti aparılırsa, boş qalan hər sahədə nəsə tikilməlidir. 3 tikinti kifayət edəcəksə, biz 4-nü tikməyə çalışırıq. Bu, çox təhlükəli məsələdir”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 130/Ü nömrəli 20.02.2026-cı il tarixli Əmri ilə təsdiq edilmiş İş Planı üzrə “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativ və məhdudiyyətlər” mövzusunda tədbirdə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
Sədr çay yataqlarında tikilən yaşayış məntəqələrindən bəhs edib:
“Diqqət etsək görərik ki, xüsusilə İran və Türkiyədə kəndlər əsasən dağlıq və hündür ərazilərdə salınır. Biz isə çay yataqlarında yaşayış məntəqələri qururuq. Bu isə ciddi uyğunsuzluqdur. 20-30 ildən sonra həmin əraziləri sel suları yuyub aparmayacaqmı? Nəticədə yenidən əlavə mühafizə tədbirləri görməyə, bəndlər tikməyə məcbur qalacağıq. Bu məsələlər geniş müzakirə olunmalıdır. Nəzərə almaq lazımdır ki, bu gün işğaldan azad olunmuş ərazilərdə əsas məsələlərdən biri daşqın və sel sularından mühafizədir”.
Qiymət Mahir
tag: “Şəhərsalma və Memarlıq İli”,Çay yatağı ,Mirsalam Qənbərov,Quruculuq ,Todaypress.tv,
