Bulvarda "qoxu" mübahisəsi: Məsuliyyəti kim üzərinə götürəcək?

Cəmiyyət

25.11.2025 17:59

Deputat Nəsib Məhəməliyev Milli Məclisin iclasında 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib ki, Bakı Bulvarı ölkənin ən fəxr edilən məkanlarından biri olsa da, gecə saatlarında kanalizasiya sisteminə qoşulma səbəbindən ərazidə xoşagəlməz qoxu hiss olunur.

Bəs bu iddialar nə dərəcədə əsaslıdır və problemin kökündə nə dayanır?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ekoloq Rövşən Abbasov bildirib ki, bu məsələni hansısa qurumun üzərinə yükləmək doğru yanaşma deyil. 


Onun sözlərinə görə, bu, birdən-birə yaranmış problem deyil, illərlə formalaşmış bir vəziyyətdir: 

"Elə problemlər var ki, o problem üzrə heç kəsi günahlandırmaq olmaz. 100-150 illik məsələnin bu gün hansısa təşkilatın üzərinə atılması düzgün deyil. Xüsusilə məsul şəxslərdən belə fikirlərin səslənməsi təəccüb doğurur. Bulvar bizim ən sevimli məkanlarımızdan biridir və indiyə qədər heç kəs havanın keyfiyyəti ilə bağlı narazılıq bildirməyib".

Ekoloq əlavə edib ki, bəzi yerlərdə kanalizasiya sularının dənizə axıdılması faktı mövcuddur, lakin bu, təkcə Azərbaycana məxsus məsələ deyil:

"Bu, tarixi şəkildə bizə miras qalmış problemdir. Bakı kimi böyük şəhərdə çirkab sularını qısa müddətdə tam şəkildə təmizləmə qurğularına yönəltmək mümkün deyil. Bu cür problemi birdən-birə "sehirli çubuq"la da həll etmək olmaz".

Ekspert vurğulayıb ki, artıq problem üzrə mühüm layihələr icra olunur. Bu layihələr tamamlandıqdan sonra vəziyyət köklü şəkildə dəyişəcək:

"Hövsan Aerasiya stansiyasının tutumu genişləndirilir, Pirşağıda yeni su təmizləmə qurğuları tikilib, Lökbatanda proses davam edir, şəhərin digər ərazilərində də analoji qurğuların inşası planlaşdırılır. Bakının baş planında çirkab sularının təmizlənərək park və bağların suvarılmasında istifadəsi də nəzərdə tutulur. Gələcəkdə Abşeron yarımadasında alternativ sulardan istifadə konsepsiyası inkişaf etdiriləcək, təmizlənmiş sular şəhərin yaşıllıqlarına yönləndiriləcək", - deyə Rövşən Abbasov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rövşən Abbasov,Ekoloq,Bulvar,Qoxu,Todaypress.tv,