Binalarda təhlükəsizlik siqnalı: “Xırda detal böyük faciə yaradır”

Cəmiyyət

24.11.2025 18:00

Çoxmərtəbəli yaşayış binalarında təhlükəsizlik tədbirləri mühitin ən vacib tərkib hissələrindən biri hesab olunur. Təhlükəsizlik yalnız quraşdırılmış avadanlıqlardan ibarət deyil, insanların davranışından, texniki sistemlərin işlək vəziyyətdə saxlanılmasından və ümumi nəzarətdən formalaşan bir prosesdir.


Təhlükəsizlik eksperti Orxan Musayev TodayPress TV-yə açıqlamasında deyib ki, binaların mühəndis kommunikasiya xətlərinin, elektrik sisteminin, qaz xətlərinin və havalandırma qurğularının mütəmadi yoxlanılması həyati əhəmiyyət daşıyır.


Onun sözlərinə görə, yanğın siqnalizasiya sistemləri daimi işlək vəziyyətdə saxlanılmalıdır. 

"Hər bir binada insanların sağlam və təhlükəsiz şəkildə təxliyə olunması üçün təxliyə planları mövcud olmalıdır. Yanğın hadisələrinin baş verməməsi üçün öncədən bütün təhlükə yarada biləcək amillər aradan qaldırılmalıdır".

Ekspert əlavə edib ki, yanğın baş verdikdə insanların düzgün davranışı zərərçəkmə hallarıının qarşısını xeyli azalda bilər:


"Ən vacib məsələ panikadan uzaq olmaqdır. İnsanlar tüstü olmayan zonalarda yerə yaxın hərəkət etməlidirlər. Tüstü yuxarıya toplandığı üçün yerə doğru uzanmaq və ya oturaraq hərəkət etmək zəhərlənmə hallarını minimuma endirir. Çıxış yolu bağlıdırsa, sakinlər qapı boşluqlarını nəm parça ilə bağlamalı və balkona çıxaraq kömək gözləməlidirlər".

Mütəxəssis vurğulayıb ki, binaların birinci mərtəbəsində restoran və digər ictimai iaşə obyektlərinin yerləşməsi əlavə risklər yaradır. Qaydalara əsasən, belə qeyri-yaşayış sahələrində təbii qazdan istifadə qadağandır:

"İctimai iaşə obyektlərində yalnız elektrik qızdırıcılarından istifadə icazəlidir. Çünki üst mərtəbədə yaşayış olduğu üçün yanğın təhlükəsi təkcə biznesə deyil, orada yaşayan insanların həyatına da risk yaradır. Restoranlarla yaşayış sahəsi arasında izolyasiya sistemi qurulmalı, tüstü və qoxunun mənzilə keçməsinin qarşısı alınmalıdır. Təhlükəsizlik tək texniki məsələlərdən ibarət deyil. Burada həm obyekt sahibinin məsuliyyəti, həm sakinlərin diqqəti, həm də ümumi maarifləndirmə böyük rol oynayır. Hər birimiz xırda detallara önəm verməliyik: qaz cihazlarını nəzarətsiz qoymamaq və elektrik avadanlıqlarından düzgün istifadə etmək. Təhlükəsizlik hamımızın birgə yaratdığı bir mədəniyyətdir", - deyə Orxan Musayev qeyd edib.

Xatırladaq ki, noyabrın 22-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib. Noyabrın 24-də isə paytaxtın Nərimanov rayonunun Yusif Vəzir Çəmənzəminli küçəsində AFEN plazada partlayış olub. Hadisə zamanı xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Türkan İsgəndərli

TodayPress TV

tag: Orxan Musayev,Ekspert,Bina,Təhlükəsizlik,Todaypress.tv,