Bakı niyə hələ də köhnə metodlarla tikilir? Memar açıqladı
“Uzun müddət Bakı şəhəri baş plansız inkişaf edib”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 130/Ü nömrəli 20.02.2026-cı il tarixli Əmri ilə təsdiq edilmiş İş Planı üzrə “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativ və məhdudiyyətlər” mövzusunda tədbirdə memar Elçin Əliyev deyib.
O, Azərbaycanda memarlıq sahəsində çatışmayan cəhətlərdən bəhs edib:
“Həqiqətən də görürük ki, binalar bir-birinə çox yaxın şəkildə inşa olunur. Sabah həmin ərazilərdə yanğın baş versə, xüsusi texnikanın və yanğınsöndürmə maşınlarının əraziyə daxil olması ciddi problemə çevrilə bilər.
Bu, memarlıq və şəhərsalma yanaşmalarındakı səhvlərdən qaynaqlanır. XXI əsrin memarlığı artıq öz sözünü deməlidir. Dünyada “vertikal memarlıq” anlayışı geniş tətbiq olunur və şəhərsalma məhz planlı, təhlükəsiz və funksional inkişaf prinsipləri üzərində qurulur.
Təəssüf ki, bizdə bəzi memarlar zahirən müasir görünən binalar inşa etsələr də, yanaşma baxımından köhnə metodlardan uzaqlaşa bilmirlər. Hələ də əsas diqqət daş və üzlük materiallarına yönəlir. Halbuki bu gün müasir dövrdür və memarlar yeni texnologiyalardan, yanaşmalardan istifadə etməlidirlər”.
Qiymət Mahir