Müasir şəhərsalma tarixi məkanlarda fəlakətə səbəb olmamalıdır
Xarici siyasət
20.05.2026 13:26
“Tarixi şəhər mərkəzlərinin qorunması zamanı memarlıqla yanaşı, sosial və iqtisadi amillər də nəzərə alınmalıdır”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada çıxışı zamanı “Bibliotheca Alexandrina”nın qurucu direktoru, müəllif və mədəniyyət eksperti İsmail Seragəldin deyib.
O bildirib ki, tarixi şəhər ərazilərinin qorunması olduqca mürəkkəb prosesdir:
“Biz yaşayan və inkişaf edən şəhərin bir hissəsi ilə işləyirik. Burada əsas suallar nəyi qorumaq, necə qorumaq və bunun hansı xərc hesabına başa gələcəyidir”.
İ.Seragəldin vurğulayıb ki, yalnız ayrı-ayrı memarlıq elementlərini deyil, insanlara məkan hissi verən bütöv şəhər xarakterini qorumaq lazımdır. Onun sözlərinə görə, UNESCO-nun yanaşması da fiziki, sosial, iqtisadi və ekoloji amillərin birlikdə nəzərə alınmasına əsaslanır.
Ekspert qeyd edib ki, qədim şəhər mərkəzləri özünəməxsus şəhər quruluşuna malikdir və onlarla peşəkar şəkildə davranılmalıdır:
“Müasir şəhərsalma yanaşmalarını düşünülməmiş formada tarixi məkanlara tətbiq etmək fəlakətə səbəb ola bilər”.
O əlavə edib ki, tarixi məkanlarda insan ünsiyyəti üçün ictimai sahələrin qorunması və genişləndirilməsi inklüziv şəhər yenilənməsinin əsas şərtlərindən biridir.
Qiymət Mahir
tag: İsmail Seragəldin,WUF13,Tədbir,Çıxış,Todaypress.tv,
