İsraillə qarşılıqlı investisiyaların həcmi açıqlandı

Xarici siyasət

26.01.2026 16:03

“Azərbaycan ilə İsrail arasında əməkdaşlıq investisiyaların təşviqi və qarşılıqlı qorunması, eləcə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərlə dəstəklənir”. 

TodayPress TV xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan–İsrail Biznes Forumunda çıxışı zamanı səsləndirib.

Nazirin sözlərinə görə, bu sənədlər biznes əlaqələrinin genişləndirilməsi üçün möhkəm hüquqi baza formalaşdırır. 

“Hazırda Azərbaycanda İsrail investisiyalı 130 qeyri-kommersiya qurumu fəaliyyət göstərir. Ölkələrin iqtisadiyyatları arasında qarşılıqlı investisiyaların ümumi həcmi isə təxminən 600 milyon ABŞ dolları təşkil edir”.   

Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan və İsrail güclü və praqmatik tərəfdaşlıq modeli quraraq müxtəlif sahələr üzrə real və ölçülə bilən əməkdaşlıq nəticələri əldə ediblər. Bunun bariz nümunəsi Azərbaycan İnvestisiya Şirkəti (hazırda Azərbaycan İnvestisiya İnkişaf Fondu kimi fəaliyyət göstərir) ilə İsrailin “OurCrowd” şirkəti arasında imzalanmış və uğurla icra olunan strateji əməkdaşlıq sazişidir.  

Bildirilib ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfi investisiyalar həyata keçirərək enerji, səhiyyə, kibertəhlükəsizlik, kənd təsərrüfatı və təhsil texnologiyaları sahələrində texnoloji və biznes əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib.

Qiymət Mahir

TodayPress TV

tag: İsrail,Azərbaycan,Saziş,Mikayıl Cabbarov,Todaypress.tv,