İsmail Seragəldin: Bu pulu kim ödəyir və bundan kim faydalanır?
Xarici siyasət
20.05.2026 13:29
“Tarixi binaların müasir ehtiyaclara uyğun şəkildə yenidən istifadəsi mədəni irsin qorunması üçün ən uğurlu yanaşmalardan biri hesab olunur”.
TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada çıxışı zamanı “Bibliotheca Alexandrina”nın qurucu direktoru, müəllif və mədəniyyət eksperti İsmail Seragəldin deyib.
O bildirib ki, dağıdılmış tarixi obyektlərin bərpası mühüm olsa da, ən vacib məsələlərdən biri adaptiv yenidən istifadənin tətbiqidir:
“Tarixi bina mövcud dövrün ehtiyaclarına uyğun yeni məqsədlə istifadə olunur”.
İ.Seragəldin qeyd edib ki, Mərakeşdəki qədim mədrəsələrdən birində tarixi memarlıq qorunmaqla müasir kompüter iş sahələri yaradılıb. Onun sözlərinə görə, bu fəaliyyət binanın gözəlliyini məhv etmir.
Ekspert Parisdəki tarixi “Opera Garnier” binasının Pikasso muzeyinə çevrilməsini uğurlu nümunələrdən biri adlandırıb. Onun sözlərinə görə, bu layihə həm müasir memarlıq tərəfdarlarının, həm də konservasiya müdafiəçilərinin razılığını qazanıb.
O əlavə edib ki, tarixi məkanların yenilənməsi zamanı əsas məsələlərdən biri maliyyə dəstəyinin təmin edilməsidir. Bu prosesə özəl investorlar, yerli bizneslər, icmalar və beynəlxalq tərəfdaşlar cəlb edilməlidir.
İ.Seragəldin vurğulayıb ki, yenilənmə layihələri zamanı yerli əhalinin köçürülməsi minimuma endirilməlidir:
“İnsanlar köçürüldükdə, illərlə formalaşmış qarşılıqlı dəstək sistemi də məhv olur. Layihələrin hazırlanması və icrası mərhələsində yerli icmalar prosesə cəlb olunmalı, köçürülən ailələr üçün kifayət qədər imkanlar yaradılmalıdır”.
Ekspertin sözlərinə görə, şəhər yenilənməsi iqtisadi baxımdan səmərəli olsa da, xidmət və yaşayış xərcləri insanlar üçün əlçatan qalmalıdır:
“Dövlət və ya investor vəsaiti istifadə edilərkən hər zaman sual verməliyik: bu pulu kim ödəyir və bundan kim faydalanır?”
Qiymət Mahir
tag: İsmail Seragəldin,WUF13,Tədbir,Çıxış,Todaypress.tv,
