BMT rəsmisi: Başçısı qadın olan ailələrin sayı artır
Xarici siyasət
22.05.2026 11:31
“Qadınlar və qızlar üçün transformativ mənzil siyasəti görünən və dəqiq məlumatlar olmadan mümkün deyil”.
TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “İnnovativ təcrübələr” adlı paneldə BMT-nin Barbados üzrə rezident əlaqələndiricisi Saymon Springett deyib.
O bildirib ki, qadınlar üçün mənzil siyasətinin hazırlanmasında əsas problemlərdən biri məlumat çatışmazlığıdır.
Saymon Springett vurğulayıb ki, region ölkələrində mənzil siyasəti əsasən ev təsərrüfatları üzrə statistikaya söykənir və bu yanaşma resursların kimə məxsus olduğunu, ödənişsiz qayğı yükünü kimin daşıdığını, gender əsaslı zorakılıq, əlillik, miqrasiya statusu və ya qeyri-rəsmi məşğulluqla bağlı riskləri tam əks etdirmir.
O qeyd edib ki, Karib regionunda gender üzrə ayrılmış məlumatlar, xüsusilə də mənzil və iqtisadi aktivlərlə bağlı statistika çox məhduddur:
“Bildiyimiz odur ki, başçısı qadın olan ailələrin sayı artır və mənzil çatışmazlığından, eləcə də daha aşağı keyfiyyətli yaşayış şəraitindən ən çox qadınlar təsirlənir. İpoteka və kredit imkanlarına çıxışda da gender fərqi qalmaqdadır. BMT hökumətlərə və tərəfdaşlara üç əsas istiqamətdə dəstək verə bilər. İlk istiqamət genderə həssas statistika sistemlərinin gücləndirilməsidir. Ənənəvi siyahıyaalma məlumatları ilə kifayətlənmək olmaz. Mənzil hüququ, torpaq və aktivlərə sahiblik, ödənişsiz qayğı işi, təhlükəsizlik, xidmətlərə çıxış və iqlim riskləri üzrə daha detallı məlumatlar toplanmalıdır”.
O qeyd edib ki, Barbados və Montserratda əhaliyə dair real vaxt rejimində ayrılmış məlumatların toplanması və təhlili üzrə milli potensialın gücləndirilməsinə dəstək göstərilir:
“Bu yalnız məlumat toplamaq deyil, həmin məlumatlardan sübuta əsaslanan və vaxtında qərarlar qəbul etmək üçün istifadə etməkdir”.
Qiymət Mahir
tag: Saymon Springett,WUF13,Tədbir,Çıxış,Todaypress.tv,
