Azad torpaqlardakı model dünyaya örnəkdir

Xarici siyasət

22.05.2026 15:59

“Azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi miqyasına görə misilsizdir və digər postmünaqişə şəraitləri üçün model ola bilər”.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma prosesi miqyasına görə analoqu olmayan layihələrdən biridir.

“Ölkə öz maliyyə resursları və milli potensialı hesabına Böyük Qayıdış Proqramı çərçivəsində sıfırdan 12 şəhər və 300-dən çox kənd inşa edir. Bu proses keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsinə xidmət edir. Artıq 14 şəhər və 1000 kənd üzrə baş planlar təsdiqlənib. Digər yaşayış məntəqələri üzrə planlaşdırma işləri hazırda davam etdirilir”.

Komitə sədri vurğulayıb ki, WUF13-ün mühüm və uzunmüddətli irslərindən biri də Azərbaycanın təşəbbüsü və UN-Habitat ilə birgə təsis olunan Bakı Şəhərsalma Mükafatının təqdim edilməsi olub.

Onun sözlərinə görə, bu mükafat Ümumdünya Şəhərsalma Forumu prosesi çərçivəsində təqdim olunan yeganə mükafatdır.

Anar Quliyev bildirib ki, praktika, bilik və siyasət arasında körpü yaratmaq məqsədi daşıyan mükafat Azərbaycanın dayanıqlı inkişaf, xüsusilə də mənzil sahəsində innovasiya, mükəmməllik və beynəlxalq əməkdaşlığın təşviqinə sadiqliyini nümayiş etdirir.

Qiymət Mahir

TodayPress TV

tag: Anar Quliyev,WUF13,Komitə,Çıxış,Todaypress.tv,