“Qarabağ” böyük sınaq qarşısında: baş məşqçidən vacib mesaj

UEFA

17.02.2026 17:24

“Rəqibimiz köklü klubdur və dünyanın bir nömrəli çempionatında çıxış edir”.

TodayPress TV xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bildirib. 

O, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda İngiltərənin “Nyukasl Yunayted” klubuna qarşı keçiriləcək ilk oyun barədə fikirlərini bölüşüb.

Qurban Qurbanov qeyd edib ki, komanda qarşıdakı matça yüksək məsuliyyətlə yanaşır: 

“Futbolçularımız UEFA Çempionlar Liqasındakı növbəti oyuna ciddi hazırlaşırlar. Bu qarşılaşma bizim üçün böyük təcrübə olacaq. Azərbaycan futbolu tarixində ilk belə hadisədir. Rəqibimiz köklü klubdur və dünyanın ən güclü çempionatında oynayır. Hazırlaşmaq üçün vaxtımız az idi, amma rəqibi təhlil etmişik. Doğma meydanda yaxşı mübarizə aparmağa və cəsarətli futbol göstərməyə çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl Yunayted” görüşü fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Namiq HUN

TodayPress TV

tag: Qurban Qurbanov,Qarabağ,Nyukasl Yunayted,Klub,Todaypress.tv,