Rayonlar özünü dolandıracaqsa, qənaət olunan milyardlar hara gedəcək?
Maliyyə naziri Sahil Babayevin 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndirdiyi məlumata görə, növbəti ildən etibarən bütün rayonlar öz gəlirləri hesabına xərclərini tam qarşılayacaq. Beləliklə, ilk dəfə olaraq dövlət büdcəsindən dotasiya alan rayon qalmayacaq.
Regionların yerli gəlirlərinin artması və büdcə asılılığının aradan qalxması yeni iqtisadi mərhələnin başlanğıcıdır. Bəs büdcə dotasiyalarından tam imtina şəraitində dövlət dəstəyi və vəsaitlər hansı istiqamətlərə yönəldilməlidir?
Mövzu ilə bağlı iqtisadçı, deputat Vüqar Bayramov TodayPress TV-nin suallarını cavablandırıb.

O bildirib ki, son illər rayonlara dövlət büdcəsindən ayrılan subsidiyaların mərhələli şəkildə azaldılması müşahidə olunur:
“Ümumilikdə, son illər rayonlara ayrılan subsidiyaların mərhələli şəkildə azaldılmasını müşahidə edirik. Nəzərə alsaq ki, 2026-cı ildə Xocavənd rayonuna dövlət büdcəsindən subsidiya ayrılırdı, artıq 2027-ci ildən etibarən təqdim olunan büdcə layihəsinə əsasən, rayonun yerli gəlirləri xərclərini tam qarşılayacaq. Bu səbəbdən də dövlət büdcəsindən subsidiya ayrılmasına ehtiyac qalmayacaq”.
Deputat hesab edir ki, rayonların öz gəlirləri hesabına maliyyələşməsi regionların iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:
“Əslində, bu, rayonların inkişafı baxımından vacibdir. Çünki regionların inkişafı yerli gəlir mənbələrinin yaradılmasına və genişlənməsinə gətirib çıxarır. Bu da dövlət büdcəsinin həmin istiqamətə ayırdığı vəsaitə qənaət etməyə və onu digər sahələrə yönəltməyə imkan yaradır. Məqsəd yerli mənbələrin rayonların gəlirlərində payını artırmaq və dövlət büdcəsindən asılılığı minimuma endirməkdir.
Bu baxımdan, rayonlara nə qədər az subsidiya ayrılarsa, qənaət olunan vəsaitlərin digər istiqamətlərə, o cümlədən sosial sahəyə, hərbi xərclərin artırılmasına və Qarabağın bərpasına yönəldilməsi üçün bir o qədər geniş imkan yaranır. Ona görə də 2027-ci ildə rayonlara ayrılan subsidiyaların dayandırılması gözlənilən idi. Çünki cari ildə dövlət büdcəsindən subsidiya alan cəmi bir rayon - Xocavənd idi”.
Jalə Rövşən