“Qarabağ” Avropanı heyrətləndirir: ÇL-də zirvə göstəriciləri
UEFA
26.02.2026 11:00
UEFA Çempionlar Liqasının (ÇL) liqa və pley-off mərhələlərinin statistik göstəriciləri açıqlanıb.
TodayPress TV xəbər verir ki, hesabatda “Qarabağ” klubunun nəticələri xüsusi diqqət çəkib.
Azərbaycan çempionu turnirdə hamıdan çox – 148 dəfə cərimə zərbəsi yerinə yetirib. Bu göstəricidə İtaliyanın “İnter” klubu 145 zərbə ilə ikinci, Portuqaliyanın “Benfika” komandası isə 144 zərbə ilə üçüncü pillədə qərarlaşıb.
“Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duran 5 qolla daha 8 futbolçu ilə birlikdə bombardirlər siyahısında 8–16-cı yerləri bölüşür.
“Köhlən atlar”ın qapıçısı Mateuş Koxalski 45 seyv ilə turnirin ən yaxşı qapıçıları sırasında ilk üçlüyü tamamlayır.
Kevin Medina topu komandasına qaytarma göstəricisinə görə 74 dəfə ilə ikinci yerdədir. O, həmçinin 55 uzaqlaşdırma ilə bu kateqoriyada beşinci pillədə qərarlaşıb.
Medina eyni zamanda ən çox ötürmə edən 100 futbolçu siyahısına da düşüb. “Qarabağ”ın bu göstəricidə lideri olan mərkəz müdafiəçisi 10 oyunda 499 ötürmə ilə 35-ci pillədə yer alıb. Siyahıda Marko Yankoviç 456 ötürmə ilə 51-ci, Abdullah Zubir 420 ötürmə ilə 66-cı, Pedro Bikalyo isə 387 ötürmə ilə 87-ci sıradadır.
Namiq HUN
tag: Qarabağ,UEFA,ÇL,statistik göstəricilər,Todaypress.tv,
