Qalmaqallı hadisə: “Real Madrid” UEFA-dan cəza aldı

UEFA

06.03.2026 17:24

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti bildirib ki, qurum “Real Madrid” klubunu azarkeşlərdən birinin nasist salamı göstərməsinə görə 15 min avro məbləğində cərimələyib.

TodayPress TV xəbər verir ki, hadisə UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsinin cavab oyununda Portuqaliyanın “Benfika” komandası ilə keçirilən qarşılaşma zamanı qeydə alınıb. Matç Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA-nın Nəzarət və İntizam Orqanı əlavə olaraq qərara alıb ki, “Real Madrid”in ev stadionu – “Santyaqo Bernabeu” növbəti avrokubok ev oyununda qismən bağlansın.

Xatırladaq ki, görüş 25 fevral 2026-cı ildə baş tutub. Madrid təmsilçisinin qollarını Orelyen Tçuameni və Vinisius Junior vurublar. “Benfika”nın heyətində isə Rafa Silva fərqlənib. 

Qeyd edək ki, “Real Madrid” UEFA Çempionlar Liqası turnirinin 1/8 final mərhələsində “Mançester Siti” komandası ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,UEFA,Cəza,Cərimə,Todaypress.tv,