“İngiltərə klubları üçün kabus gecəsi: hamısı xal itirdi!”

UEFA

12.03.2026 10:20

UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyunları İngiltərə klubları üçün uğursuz nəticələrlə yadda qalıb.

Turnirdə çıxış edən altı ingilis klubundan heç biri ilk görüşlərdə qələbə qazana bilməyib.

ÇEMPİONLAR LİQASINDA GÜC NÜMAYİŞİ

“Nyukasl Yunayted”dən başqa digər İngiltərə klubları səfər matçına çıxıblar. “Barselona” ilə oyunda (1:1) qələbəni əldən verən “sağsağanlar”dan fərqli olaraq, “Arsenal” Leverkuzendə “Bayer”i (1:1) məğlub edə bilməyib. Hətta “topçular” görüşün sonlarında vurulan qol sayəsində məğlubiyyətdən xilas olublar.


Digər İngiltərə təmsilçilərinə gəlincə, “Tottenhem” “Atletiko Madrid”ə (2:5), “Liverpul” “Qalatasaray”a (0:1), “Çelsi” PSJ-yə (2:5), “Mançester Siti” isə “Real Madrid”ə (0:3) məğlub olub.

“REAL MADRİD” – “MANÇESTER SİTİ” 3:0

Madrid klubunun böyük qələbəsinin memarı Federiko Valverde olub. “Kral klubu”nun uruqvaylı yarımmüdafiəçisi “Santyaqo Bernabeu” stadionunda keçirilən matçda adını Çempionlar Liqasının tarixinə yazdırıb.


O, ilk hissədə het-trik edərək görüşün taleyini demək olar ki, həll edib. Qollardan ikisi qapıçı Tibo Kurtuanın uzaq ötürmələrindən sonra vurulub və bir epizodda belçikalı qolkiper məhsuldar ötürmə müəllifi olub.

Bu qarşılaşmada Madrid klubunun hər üç qolunu vuran Valverde Çempionlar Liqasında het-trik edən ikinci uruqvaylı futbolçu kimi tarixə düşüb. Avropanın ən nüfuzlu klub turnirində het-trik edən ilk uruqvaylı isə “Deportivo”nun sabiq futbolçusu Valter Pandiani olub. O, bu nailiyyətə 2000/2001-ci illər mövsümündə imza atıb.

“BODO-QLİMT” – “SPORTİNQ” 3:0

1/8 final mərhələsinin əsas sensasiyalarından biri Norveçdə qeydə alınıb. “Bodo-Qlimt” klubu Çempionlar Liqasındakı debüt mövsümündə uğurlu çıxışını davam etdirir və ardıcıl beşinci qələbəsini qazanıb.


Norveç təmsilçisi bu dəfə Portuqaliyanın “Sportinq” klubunu 3:0 hesabı ilə məğlub edib. Hesabı yarımmüdafiəçi Sondre Brunstad-Fetin penaltidən vurduğu qol açıb. Daha sonra hücumçu Ole Blomberq fərqi artırıb. Matçda son nöqtəni isə son beş Çempionlar Liqası oyununda beş qol vuran Kasper Heq qoyub.

Namiq HUN

tag: UEFA,ÇL,Klub,Futbol,Todaypress.tv,