ÇEMPİONLAR LİQASINDA NƏHƏNGLƏRİN DUELİ
UEFA
07.04.2026 14:35
KİM QALİB GƏLƏCƏK? “REAL” – “BAVARİYA” HƏYƏCANI
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Real Madrid” “Santyaqo Bernabeu”da “Bavariya” üz-üzə gələcək.

Bu komandalar avrokubok tarixində ən çox qarşılaşan cütlüklərdən biridir və qarşıdakı duel onların 29-cu görüşü olacaq. Son illərdə üstünlük “Real”ın tərəfindədir – Madrid təmsilçisi son dörd iki oyunlu qarşılaşmada mərhələ adlayıb və rəqibinə qarşı doqquz oyundur məğlub olmur (7 qələbə, 2 heç-heçə).

1/4 final mərhələsində də statistika “Real”ın xeyrinədir – komanda bu mərhələdə “Bavariya” ilə bütün əvvəlki qarşılaşmalarda qalib gəlib. Üstəlik, Alvaro Arbeloanın rəhbərlik etdiyi kollektiv 1/8 finalda “Mançester Siti” üzərində qələbə ilə özünə inamını artırıb.

Buna baxmayaraq, “Bavariya” da möhtəşəm formada çıxış edir. Komanda cari Çempionlar Liqasında 10 oyundan 9-da qalib gəlib və 32 qol vurub. Vinsent Kompaninin yetirmələri xüsusilə 1/8 finalda Atalantaya qarşı məhsuldar oyunu ilə diqqət çəkib.

Hər iki klub birlikdə Çempionlar Liqasının 1/4 finalına 46 dəfə yüksəlib. Bu səbəbdən mərhələ onlar üçün yeni deyil. Lakin yarımfinala yalnız bir komanda yüksələcək.
Matç öncəsi açıqlamalarda Alvaro Arbeloa “Bavariya”nı Avropanın ən stabil komandası adlandırıb və rəqibə böyük hörmətlə yanaşdıqlarını bildirib. O, zədədən qayıdan futbolçuların komandanı daha da gücləndirdiyini vurğulayıb.

“Bavariya”nın baş məşqçisi Vinsent Kompani qarşılaşmanın xırda detallarla həll olunacağını deyib. O, komandasının “Real”a qalib gəlmək üçün həm psixoloji, həm də taktiki cəhətdən ən yüksək səviyyədə olduğunu bildirib.

TARİX YAZMAQ ŞANSI: “SPORTİNQ” “ARSENAL”I QƏBUL EDİR
Bu gün, həmçinin UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Sportinq” “Joze Arvalade”də “Arsenal”la üz-üzə gələcək.

Hər iki komanda matça yüksək əhval-ruhiyyədə hazırlaşır. “Arsenal”ın hücumçusu Viktor Dyökereş vaxtilə çıxış etdiyi “Sportinq”ə qarşı oynayacaq. O, 2023-2025-ci illərdə Portuqaliya klubunda 102 rəsmi oyunda 97 qol vurub.

London təmsilçisi indiyədək “Sporting”ə qarşı avrokuboklarda məğlub olmayıb. Bununla belə, komandaların son iki oyunlu qarşılaşması 2022/23 mövsümündə Avropa Liqasının 1/8 finalında baş tutub və “Sportinq” penaltilər seriyasında qalib gəlib.

Portuqaliya klubları Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə təmsilçilərinə qarşı uğursuz statistika ilə seçilir. Buna baxmayaraq, “Sportinq” 2003/04 mövsümündən sonra ilk dəfə yarımfinala yüksələn komanda olmaq istəyir. Həmin mövsümdə “Porto” turnirin qalibi olmuşdu.
“Arsenal” isə tarixində ilk dəfə Çempionlar Liqasını qazanmaq arzusundadır.
Matç öncəsi açıqlamalarda “Sportinq”in baş məşqçisi Ruy Borjeş komandasının tarix yazmaq istədiyini vurğulayıb. “Arsenal”ı çalışdıran Mikel Arteta isə rəqibin gücünü etiraf edərək, qələbəyə daha çox motivasiya olduqlarını bildirib.

Namiq HUN
tag: UEFA,Çempionlar Liqası,Real Madrid,Bavariya,Sportinq,Arsenal,Todaypress.tv,
