Çempionlar Liqası təcrübəsi Koxalskiyə yol açır

UEFA

26.02.2026 14:53

“Qarabağ” klubunun qapıçısı Mateuş Koxalski beynəlxalq təcrübəsinə əsaslanaraq gələcəkdə böyük liqalarda çıxış edə bilər.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, Polşa millisinin sabiq baş məşqçisi Çeslav Mixneviç “Legiya”da birgə çalışdığı həmyerlisi haqqında fikirlərini bölüşüb.

“Mateuş çox ağıllı, savadlı və yüksək xarakterə malik insandır. O, əla qapıçıdır. Polşa yığması tarixən güclü qapıçıları ilə seçilib. Hazırda Mateuş millidə dördüncü və ya beşinci seçim hesab oluna bilər. Bu mövsüm UEFA Çempionlar Liqasında oynayıb və ciddi təcrübə qazanıb. Düşünürəm ki, böyük klubların maraq dairəsinə düşə bilər. Onun üçün növbəti liqaya transfer baxımından münasib zaman yetişib. Hansı çempionata uyğunlaşacağını isə zaman göstərəcək”, – deyə Mixneviç bildirib.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından “Qarabağ”ın formasını geyinir.

Namiq HUN

TodayPress TV

tag: Mateuş Koxalski,Qarabağ,Qapıçı,Klub,Todaypress.tv,