“Bavariya”da seçim: Urbiq yoxsa 16 yaşlı Preskott?
UEFA
18.03.2026 13:56
“Bavariya” qapıçı böhranı ilə üz-üzədir və vəziyyət demək olar ki, böhran həddinə çatıb. Komanda “Atalanta” ilə UEFA Çempionlar Liqası oyunundan əvvəl bütün əsas qapıçılarını itirib.

Əsas qolkiper Manuel Noyer Bundesliqada zədələnib (baldır əzələsi yırtığı). Onu əvəz edən Sven Ulrayx də qısa müddət sonra zədə alıb və təxminən 6 həftə meydanlardan uzaq qalacaq.

Komandanın digər qapıçısı Yonas Urbiq isə sarsıntı səbəbindən sıradan çıxıb. Beləliklə, əsas heyətdə olan üç qolkiperin hamısı zədələnib.
Normalda növbəti seçim akademiyadan olan Leon Klanaç olmalı idi, lakin o da dekabrdan bəri zədəlidir.

Bu vəziyyətdə “Bavariya” üçün iki real variant qalır:
• Ya Yonas Urbiq son anda sağalıb meydanda yer alacaq,
• Ya da cəmi 16 yaşlı Leonard Preskott ehtiyatdan oyuna daxil ola bilər.

16 yaşlı məktəbli ÇL-də debüt edə bilərmi?
Preskott hələ əsas və ya ikinci komandada debüt etməyib, lakin klub daxilində böyük istedad kimi qiymətləndirilir. Onun boyu artıq 196 sm-dir və Almaniyanın U15, U16 və U17 millilərində çıxış edib. Əgər o meydana çıxsa, klub tarixinin ən gənc qapıçısı olacaq.

Maraqlıdır ki, nəzəri variant kimi hətta Harri Keynin qapıya keçməsi də xatırladılıb. O, 2012-ci ildə “Tottenhem”də belə bir təcrübə yaşamışdı, lakin bu ssenari real sayılmır.

Son məlumata görə, məşqdə həm Preskott, həm də Urbiq iştirak edib və hətta Manuel Noyer də müəyyən məşqlərə qoşulub. Qərar isə oyuna az qalmış veriləcək. Əgər Urbiq hazır olsa, əsas qapıçı o olacaq, Preskott isə ehtiyatda gözləyəcək.
Namiq HUN
tag: Yonas Urbiq,Manuel Noyer,Leon Klanaç,Leonard Preskott,Todaypress.tv,
