“Barselona” – “Nyukasl”: məşqçilərdən gərgin duel öncəsi açıqlamalar

UEFA

10.03.2026 09:35

“Barselona”nın və “Nyukasl Yunayted”in baş məşqçiləri Hans-Diter Flik və  Eddi Hau UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşması öncəsi  iddialı açıqlamaları ilə yadda qalıblar. 

TodayPress TV xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik İngiltərə futbolunun səviyyəsini yüksək qiymətləndirsə də, komandasının geri qalmadığını bildirib.


“Premyer Liqa dünyanın ən yaxşı liqasıdır, orada inanılmaz səviyyə var. Amma biz ingilislərdən sinif baxımından geri qalmırıq və öz fəlsəfəmizə sadiq qalaraq bunu bütün dünyaya göstərməliyik.”

Alman mütəxəssis “Nyukasl”ın oyun üslubunun çox təhlükəli olduğunu vurğulayıb.

“Onlar çox yaxşı oynayırlar – birəbir pressinq edir və çox sürətli hücuma çıxırlar. Biz isə müdafiədə tam fədakarlıq və cəsarətlə oynamalıyıq. Burada iki oyunun nəticəsi hesablanır və bunu “Atletiko” ilə kubok qarşılaşmasında aydın gördük. Madriddəki ilk oyunda (0:4) müdafiədə istədiyimiz kimi oynaya bilmədik. O vaxtdan bəri müdafiə üzərində çox işləyirik, çünki Çempionlar Liqasında bu, əsas amildir.”

“Nyukasl”ın baş məşqçisi Eddi Hau isə Lamin Yamal haqqında yüksək fikirlər səsləndirib.


“O, qeyri-adi futbolçudur. İlk oyunda bizə qarşı oynamamışdı. İndi bizi ciddi sınaq gözləyir – onun güclü tərəflərinə qarşı necə oynayacağımızı tapmalıyıq. Ümumiyyətlə, rəqib cinahlardan çox təhlükəli hücum edir. Buna görə müdafiədə daha etibarlı oynamalıyıq.”

İngilis mütəxəssis qarşıdakı oyunun klub üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib.

“Bu, yəqin ki, klubun yeni tarixində ən vacib matçdır. Heç olmasa mənim üçün belədir. Buna uyğun düşüncə ilə meydana çıxmalıyıq. Autsayder olmaq da bizim xeyrimizə işləyə bilər – şanslar bizə qarşı olanda bu, əlavə motivasiya verir.”

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Nyukasl Yunayted” və “Barselona” komandaları arasında ilk oyun bu gün gecə saat 00.00-da start götürəcək.

Namiq HUN

TodayPress TV

tag: Barselona,Nyukasl Yunayted,Hans-Diter Flik,Eddi Hau,Todaypress.tv,

photo
photo