Avropa şokda: “Bodo-Qlimt” nəhəngləri diz çökdürdü!

UEFA

25.02.2026 10:21

Norveçin “Bodo-Qlimt” komandası UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə tarixi nəticəyə imza atıb. 

TodayPress TV xəbər verir ki, komanda pley-off mərhələsində iki oyunun cəmində İtaliyanın “İnter” klubu üzərində 5:2 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib (ilk oyun 3:1, cavab görüşü 2:1).

“Bodo-Qlimt”in Milan səfərində möhtəşəm qələbəsində Höyqe (58’) və Evyen (72’) pay sahibi olublar. “İnter” isə Bastoninin (76’) qolu ilə təsəlli tapıb. 

Beləliklə, “Bodo-Qlimt” sensasiyalı şəkildə İtaliya nəhəngini turnirdən kənarlaşdırıb.

Statistik platforma Opta Sportun məlumatına görə, Bodo-Qlimt XXI əsrdə Avropanın top-5 liqasına (İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa) daxil olmayan ölkə klubları arasında Çempionlar Liqası və ya Çempionlar Kubokunda güclü liqa təmsilçilərinə qarşı ardıcıl 4 qələbə qazanan ilk komandadır.

Norveç təmsilçisi cari mövsümdə “Mançester Siti”yə (3:1), “Atletiko Madrid”ə (2:1), “Inter”ə isə (3:1 və 2:1) hesabları ilə qalib gəlib.

Bu göstəriciyə son dəfə 1971/1972 mövsümündə “Ayaks” nail olub. Həmin mövsüm Niderland təmsilçisi Çempionlar Kubokunu qazanıb.

“Bodo-Qlimt”in uğuru göstərir ki, artıq Avropa futbolunda yalnız böyük liqalar hökmranlıq etmir. Norveç təmsilçisi həm taktiki intizamı, həm də sürətli əks-hücum futbolu ilə nəhənglərə meydan oxuyur.

Bu nəticə Çempionlar Liqasının 2025/2026 mövsümünün ən böyük sensasiyalarından biri kimi qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Bodo-Qlimt,UEFA,İnter,Mançester Siti,Todaypress.tv,