Yəhudi məktəbində niyə partlayış baş verdi?: “Təxribatlar artacaq...” – RƏY

Təhlil

14.03.2026 20:10

Martın 13-də Amsterdamda yəhudi məktəbində partlayış baş verib. Şəhərin meri Femke Halsema partlayışın "yəhudi icmasına qarşı qəsdən edilən hücum" olduğunu bildirib.  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, yəhudi məktəbinə edilən hücum, şübhəsiz ki, Yaxın Şərqdə cərəyan edən proseslərin bilavasitə nəticəsidir.  


Onun sözlərinə görə, Avropada kök salmış antisemitizm dalğası hazırda yenidən yüksəlməkdədir. 

“İsrailin Qəzzada yaratdığı humanitar böhran və İranla yaşanan hərbi gərginlik Avropada yəhudilərə qarşı mənfi rəyin formalaşmasına, eləcə də onlara qarşı təxribatların artmasına rəvac verir”. 


Ekspert vurğulayıb ki, tarix boyu Avropada təqiblərə məruz qalan yəhudilər üçün bu gün bənzər bir mühit yaranır. 

“Nə qədər ki, Fələstin məsələsi həllini tapmayıb, Qəzzada mülki insanlar hədəf alınır və İranda hərbi gərginlik davam edir, Qərb ölkələrində yəhudilərə və onların ibadət yerlərinə qarşı hücumların davam etməsi qaçılmaz görünür”, - deyə analitik izah edib. 

Qeyd edək ki,  baş verən partlayışa görə məsuliyyəti radikal təşkilat olan “Sağçı İslam Gənclər Hərəkatı” (Islamic Movement of Right-Wing Youth) öz üzərinə götürüb.

Aysel Mətləb

TodayPress TV

tag: Amsterdam,Yəhudi,Partlayış,Məktəb,Məhəmməd Əsədullazadə,TodayPress TV,