Yaxın Şərqdə kritik vəziyyət: Müharibə neft bazarını silkələyir!
Təhlil
27.03.2026 17:44
Yaxın Şərq yenidən qlobal güclərin toqquşduğu əsas geosiyasi məkana çevrilib. ABŞ, İsrail və İran arasında hərbi əməliyyatlar artıq regional səviyyəni aşaraq beynəlxalq təhlükəsizlik və iqtisadi sabitlik üçün ciddi təhdidlər yaradır.
Maraqlıdır, bu münaqişə dünya neft bazarının enerji təminatına gələcəkdə nə kimi təsir göstərəcək?

Sözügedən məsələni siyasi şərhçi Aydın Tağıyev TodayPress TV-yə şərh edib.
O bildirib ki, ABŞ–İsrail–İran müharibəsi Yaxın Şərqdə geosiyasi balansı sarsıdaraq enerji bazarlarında ciddi qeyri-sabitlik yaradıb:
"Bu münaqişə enerji bazarlarında qeyri-sabitlik, diplomatik gərginlik və regional təhlükəsizlik böhranı ilə xarakterizə olunur. Hörmüz boğazı üzərindəki risklər neft qiymətlərini kəskin artırıb, diplomatik kanallarda isə intensiv danışıqlar davam edir, hələlik bu danışıqlar öz həllini tapmayıb. Diqqət etsək, görmək olar ki, ABŞ və İsrailin hücumları son əməliyyatlarda İranın hərbi infrastrukturu və regional təhlükəsizlik obyektlərinə yönəlib. Tehran bunu suverenliyə təhdid sayaraq cavab hücumları həyata keçirir. Bununla bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) rəhbəri Rafael Qrossi ABŞ–İran görüşlərinin Pakistanda keçirilə biləcəyini açıqlayıb. Bu, böhranın diplomatik həllinə ümid işığı kimi qiymətləndirilir. İraq ABŞ səfirini çağıraraq narazılığını bildirib, İran parlamenti isə ABŞ əsgərlərinin 'Netanyahunun hesablarının qurbanı ola biləcəyini' xəbərdarlıq edib."
Analitik vurğulayıb ki, münaqişə bütün çağırışlara baxmayaraq davam edir:
"Mövcud vəziyyətə BMT və Avropa İttifaqı təmkinlə yanaşaraq tərəfləri sakit olmağa çağırır, lakin qarşılıqlı ittihamlar davam edir. Bu gedişat gələcək enerji bazarına ciddi təsir göstərəcək."
Şərhçi Hörmüz boğazı riskinə diqqət çəkərək bildirib ki, dünya neftinin beşdə biri bu boğazdan keçir. İranın hərbi cavabları və ABŞ–İsrail əməliyyatları tədarükün dayanması ehtimalını artırır. Müharibə fonunda qiymət artımı qaçılmazdır.
""Brent" nefti mart ayı ərzində 70–75 dollar/barel aralığında dalğalanır, bu da ötən ilin orta qiymətlərindən 20–25% yüksəkdir. Körfəz ölkələri (Səudiyyə Ərəbistanı, BƏƏ) ixracı boru kəmərləri ilə yönləndirməyə çalışır, lakin həcmlər Hörmüz boğazının əvəzini tam ödəyə bilmir. ABŞ hərbi iştirakını artıraraq regiondakı gərginliyi pik həddə çatdırır, əlavə qoşun göndərilir. ABŞ-nin Yaxın Şərqdə mövqeyi güclənsə də, müttəfiqlərlə münasibətlər gərginləşir," – ekspert əlavə edib.
A.Tağıyev hesab edir ki, müharibənin gedişatında İranın cavabları enerji bazarında qeyri-sabitlik yaradacaq:
"Bu müharibədə İsrailin mövqeyi uzunmüddətli münaqişə riskini artırır və diplomatik təcrid yaradır, hesab edirəm ki, bu da münaqişəni uzadacaq. Yekun olaraq deyə bilərəm ki, ABŞ diplomatik kanalları açmağa çalışsa da, İranın sərt mövqeyi və İsrailin təhlükəsizlik siyasəti münaqişənin uzanma ehtimalını gücləndirir. Qlobal miqyasda isə bu böhran enerji qiymətlərinin artmasına, inflyasiya təzyiqlərinə və ölkələrin alternativ enerji mənbələrinə yönəlməsinə səbəb olacaq. Bu isə enerji qiymətlərinin kəskin yüksəlməsinə gətirib çıxaracaq. Qlobal miqyasda müharibə enerji təminatında qeyri-sabitlik, inflyasiya təzyiqləri və yeni enerji strategiyalarının formalaşması ilə nəticələnəcək."
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb.
Jalə Rövşən
tag: Aydın Tağıyev ,Neft,İran ,ABŞ-İsrail ,Todaypress.tv,
