Universitetə qəbuldan peşmanlığa: Gənclər niyə seçdikləri ixtisasdan uzaqlaşırlar?

Universitetə qəbuldan peşmanlığa: Gənclər niyə seçdikləri ixtisasdan uzaqlaşırlar?
20.09.2026 20:26 Təhlil

Universitetə qəbul olmaq çoxları üçün böyük bir uğurun başlanğıcıdır. Lakin bir neçə ildən sonra həmin seçimə münasibət dəyişə bilər. Tələbə seçdiyi ixtisası sevmədiyini, bu sahədə işləmək istəmədiyini və ya məzun olduqdan sonra həmin istiqamətdə iş tapmağın çətin olduğunu anlayır. Beləliklə, 17–18 yaşında verilmiş seçim illər sonra karyera ilə bağlı ciddi problemə çevrilir.

Azərbaycanda ixtisas seçimi ilə bağlı müxtəlif statistik göstəricilərə baxdıqda, problemin kifayət qədər geniş olduğu görünür. Təhsil aldığı müddətdə ixtisasından narazı qalan, məzun olduqdan sonra isə öz sahəsində iş tapa bilməyən və ya tamamilə başqa istiqamətə keçən gənclərin sayı az deyil.

Rəsmi statistikalar, Dövlət İmtahan Mərkəzinin (DİM) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, hər 100 tələbədən təxminən 35-i təhsil aldığı müddətdə seçdiyi ixtisasdan narazı qalır. Məzun olduqdan sonra isə onların yalnız 40–50 faizi seçdiyi sahədə peşəkar kimi fəaliyyət göstərə bilir. Qalanları ya ixtisasını dəyişir, ya ixtisasına uyğun olmayan sahələrdə işləyir, ya da ümumiyyətlə əmək bazarına daxil olmaqda çətinlik çəkir.

Bu vəziyyətin arxasında bir neçə əsas səbəb dayanır: ixtisas seçimində topladığı bala əsaslanmaq, valideynlərin qərara təsiri, karyera istiqamətləndirməsinin zəif olması və universitetlərdə verilən ixtisaslarla əmək bazarının tələbləri arasındakı uyğunsuzluq.

Azərbaycanda ixtisas seçimi hər zaman abituriyentin maraq və bacarıqlarına əsaslanmır. Bir çox hallarda əsas meyar toplanan bal olur. Dövlət İmtahan Mərkəzinin məlumatlarına görə, 2023-cü ildə abituriyentlərin 42 faizi ixtisas seçimini əsasən topladığı bala uyğun şəkildə edib. Başqa sözlə, “hansı sahəni sevirəm?” sualından daha çox “balım hansı ixtisasa çatır?” yanaşması ön plana çıxıb.

Bu prosesdə valideynlərin təsiri də kifayət qədər böyükdür. DİM-in 2022–2023-cü illər üzrə sorğularına əsasən, ixtisas seçimi edənlərin təxminən 67 faizi valideynlərinin təzyiqi və ya yönləndirməsi ilə qərar verir. Valideynlər bir çox hallarda cəmiyyətdə uzun illər formalaşmış prestij anlayışlarını əsas götürürlər. Tibb və hüquq kimi peşələrə üstünlük verilməsi, yüksək gəlir gözləntisi və hətta valideynlərin özlərinin reallaşdıra bilmədiyi arzularını övladlarının üzərindən həyata keçirmək istəyi seçimə təsir göstərə bilir. Bununla yanaşı, məktəblərdə və universitetlərdə karyera istiqamətləndirməsinin yetərli olmaması, sosial şəbəkələrin təsiri və qohum-tanışların verdiyi məsləhətlər də gənclərin qərarına təsir edən amillərdəndir. Nəticədə bəzi abituriyentlər öz maraq və bacarıqlarını kifayət qədər tanımadan ixtisas seçir və universitetə başlayır.

Bir müddət sonra isə seçimin düzgün olub-olmadığı ilə bağlı suallar yaranır. Məhz bu mərhələdə tələbələrin təxminən 35 faizinin seçdiyi ixtisasdan narazı qalması diqqət çəkir.

Əsas problem isə universitet bitdikdən və məzun əmək bazarına çıxdıqdan sonra daha aydın görünür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü il məlumatlarına əsasən, məzunların 36 faizi ixtisası üzrə iş tapa bilmir. Digər 21 faiz isə ya ümumiyyətlə işləmir, ya da qeyri-rəsmi sektorda fəaliyyət göstərir. Müxtəlif sorğuların nəticələrində də gənclərin təxminən 60 faizinin universitetdə bitirdiyi ixtisasla əlaqəsi olmayan sahələrdə çalışdığı görünür. Bu vəziyyət təhsil sistemi ilə əmək bazarının tələbləri arasındakı uyğunsuzluğu ortaya qoyur. Universitetlər hər il minlərlə humanitar, iqtisadiyyat, hüquq və pedaqogika məzunu hazırlayır. Əmək bazarında isə yeni iş yerlərinin böyük hissəsi tikinti, xidmət, informasiya texnologiyaları və texniki sahələrdə formalaşır.

Nəticədə diplomun özü işlə təmin olunmaq üçün kifayət etmir. Məzun əmək bazarının tələb etdiyi bacarıqlara malik olmadıqda, aldığı təhsildən fərqli sahəyə yönəlməyə məcbur qalır. Bu vəziyyət isə diplomla real iş imkanları arasındakı uyğunsuzluğu daha da artırır.

Təbii ki, bütün ixtisaslarda vəziyyət eyni deyil. Məşğulluq imkanları seçilən sahədən, əmək bazarındakı tələbdən və məzunun peşəkar bacarıqlarından asılı olaraq ciddi şəkildə dəyişir.

Stomatologiya və müalicə işi: Məzunların ixtisası üzrə məşğulluq göstəricisi 90 faizdən yuxarıdır.

Kompüter elmləri, İT və kibertəhlükəsizlik: Əmək bazarında tələbatın yüksək olduğu istiqamətlərdəndir. Bu sahələr üzrə məşğulluq 65–70 faiz civarındadır.

Hüquq, iqtisadiyyat və maliyyə: Bu istiqamətlərdə rəqabətin yüksək olması və bazarın müəyyən sahələr üzrə doyması ixtisas üzrə iş imkanlarını məhdudlaşdırır. İxtisası üzrə çalışanların payı çox vaxt 20–25 faiz, bəzi hallarda isə 50–60 faiz təşkil edir.

Humanitar və yaradıcı sahələr: Ən yüksək işsizlik və ixtisasla iş arasındakı uyğunsuzluq məhz bu istiqamətlərdə müşahidə olunur.

Son illərdə peşə təhsilinə marağın və qəbul sayının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, ali təhsil pilləsində ixtisas seçimi ilə əmək bazarı arasındakı uyğunsuzluq problemi hələ də qalır.

Məzunlar sonra hansı yolu seçirlər?

İxtisasından narazı qalan və ya öz sahəsində iş tapa bilməyən məzunların qarşısında bir neçə seçim yaranır. 

Tamamilə başqa sahəyə keçənlər

Məzunların bir hissəsi diplomuna uyğun iş tapa bilmədiyi üçün İT, rəqəmsal marketinq, SMM, dizayn və satış kimi sahələrə yönəlir. Bu istiqamətlərə keçid bəzi hallarda daha qısa müddətdə yeni bacarıqlar qazanmağa imkan verir.

İxtisasına uyğun olmayan işlərdə çalışanlar

Digər qrup isə məcburiyyət qarşısında xidmət, inzibati işlər və pərakəndə satış kimi sahələrdə çalışmağa başlayır. Bu insanların iş fəaliyyəti aldıqları ali təhsillə birbaşa əlaqəli olmur.

Sevmədiyi ixtisas üzrə işləməyə davam edənlər

Başqa bir qrup isə ixtisasından narazı olsa da, yeni sahəyə keçmək üçün risk etməyə və yenidən başlamağa hazır olmur. Nəticədə seçmədiyi, lakin artıq təhsil aldığı sahədə işləməyə davam edir. Bu isə motivasiya və məhsuldarlıqla bağlı problemlərə gətirib çıxara bilər.

Universitetə qəbul zamanı verilən qərar gəncin gələcək karyerasını müəyyənləşdirən əsas seçimlərdən biridir. Lakin bu qərarın yalnız topladığı bala və ya ailənin istəyinə əsaslanması sonradan ciddi problemlər yarada bilər.

Mövcud göstəricilər göstərir ki, hər 100 tələbədən təxminən 35-i təhsil aldığı müddətdə seçdiyi ixtisasdan narazı qalır. Məzun olduqdan sonra isə yalnız 40–50 faizinin öz ixtisası üzrə peşəkar kimi fəaliyyət göstərməsi əmək bazarı ilə təhsil arasındakı uyğunsuzluğun miqyasını göstərir. Nəticədə gənclərin bir hissəsi diplomunu aldığı sahədən uzaqlaşaraq başqa peşəyə keçir, bir qismi ixtisasına uyğun olmayan işdə çalışmağa başlayır, digərləri isə sevmədiyi peşədə qalmağa məcbur olur. Problemin əsas səbəbləri arasında ixtisas seçimində balın həddindən artıq önə çıxması, valideynlərin qərara təsiri, karyera istiqamətləndirməsinin zəifliyi və əmək bazarının tələbləri ilə ali təhsildəki ixtisas strukturu arasındakı fərq xüsusi yer tutur. Bu səbəbdən ixtisas seçimi yalnız universitetə qəbul məsələsi deyil, gəncin gələcək peşə həyatını müəyyənləşdirən qərar kimi qiymətləndirilməlidir. Gəncin öz bacarıqlarını, maraqlarını və əmək bazarındakı real imkanları əvvəlcədən düzgün qiymətləndirməsi sonradan ixtisas dəyişmək və ya tamam başqa sahədən başlamaq məcburiyyətini əhəmiyyətli dərəcədə azalda bilər.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər