Pakistan keçmiş Baş nazirinin bacısı saxlanıldı

Pakistan keçmiş Baş nazirinin bacısı saxlanıldı
20.09.2026 20:47 Dünya

Pakistan keçmiş Baş naziri İmran Xanın bacısı Alimə Xanı polis tərəfindən Lahordakı evində saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Həbs partiya tərəfindən sentyabrın 27-nə planlaşdırılan etiraz yürüşündən əvvəl baş verib.

Hökumət və polis nümayəndələri "Reuters"in saxlanılmanın səbəbləri ilə bağlı sorğusuna cavab verməyiblər.

Məlumata görə, Alimə Xan "Gymkhana Club"a getməyə hazırlaşarkən saxlanılıb. Daha sonra o, "Kot Laxpat" həbsxanasına köçürülüb. Lakin bu məlumatlar polisin "Reuters"ə verdiyi şərhdə təsdiqlənməyib.

Qeyd edək ki, İmran Xan 2023-cü ilin avqustundan - məhkəmənin onu dövlət hədiyyələrinin qanunsuz satışı işi üzrə üç il azadlıqdan məhrum etməsindən bəri həbsdədir. İstintaq iddia edirdi ki, o, 2018–2022-ci illərdə baş nazir olduğu dövrdə dövlətin xarici hökumətlərdən aldığı hədiyyələri qanunsuz əldə edərək satıb. Xan bu ittihamları rədd edib.

2022-ci ilin aprelində etimadsızlıq votumu nəticəsində vəzifəsindən kənarlaşdırıldıqdan sonra Xana qarşı çoxsaylı işlər, o cümlədən korrupsiya, dövlət sirrinin açılması və qanunsuz nikah ittihamları qaldırılıb. 2024-cü ilin yanvarında Xan dövlət sirri işi üzrə 10 il azadlıqdan məhrum edilib, 2025-ci ilin yanvarında isə korrupsiya ittihamları ilə bağlı "Al-Qadir" fondu işi üzrə 14 il cəza alıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər