Türklər Özbəkistan ordusunu "eyitim"ə aldı - Dünya Turan ordusu ilə tanış olmağa hazırlaşır
Türkiyə Özbəkistan Ordusunun yenidən qurulması prosesinə fəal dəstək verəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumatlara görə, bu məqsədlə general-mayor rəhbərliyində xüsusi məsləhətçi qrupu Özbəkistana göndərilir. Mütəxəssislər Özbəkistan Silahlı Qüvvələrinin strukturunu, təlim sistemini və idarəetmə mexanizmlərini NATO standartlarına uyğunlaşdırmağa kömək edəcəklər.
Ankara, uzun illərdir Azərbaycan Ordusunun peşəkarlaşmasında mühüm rol oynayır. Bu əməkdaşlıq sayəsində Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin aprel döyüşlərində, 2020-ci il Vətən Müharibəsində və 2023-cü il sentyabr əməliyyatında öz gücünü bütün dünyaya nümayiş etdirdi.
İndi isə Türkiyə bu təcrübəni digər qardaş ölkələrə də ötürməyə başlayır. Türkiyə Silahlı Qüvvələri NATO çərçivəsində dünyanın ən güclü quru qoşunlarından birinə malikdir. Türk ordusunun müasir döyüş təcrübəsi, texnoloji üstünlükləri və yüksək peşəkarlıq səviyyəsi türkdilli ölkələr üçün əvəzolunmaz fürsət yaradır.
Hərbi ekspertlər qeyd edir ki, bu əməkdaşlıq yalnız orduların gücləndirilməsi ilə məhdudlaşmır, həm də regional təhlükəsizlik və çəkindirmə potensialının artırılması baxımından strateji əhəmiyyət kəsb edir.
Türk dünyasında hərbi əməkdaşlığın yeni mərhələsi göz önündədir. Azərbaycanın uğurlu təcrübəsi artıq bir modelə çevrilib və digər ölkələr də bu modeldən faydalanmaq istəyir. Özbəkistanla başlayan prosesin Qazaxıstan və Qırğızıstana da genişlənməsi gözlənilir. Nəticədə, bir-biri ilə sıx əlaqəli, müasir standartlara cavab verən və Türkiyənin təcrübəsi ilə güclənmiş türk orduları regionda sabitliyin və təhlükəsizliyin ən etibarlı qarantına çevrilə bilər.
Məsələ Türk dünyasının gələcək geosiyasi çəkisinin artırılmasıdır. Prosesin Turan Ordusu istiqamətində inkişaf edəcəyi də ekspertlər tərəfindən istisna edilmir.
Jalə Rövşən