Azərbaycan yeni zenit -raket kompleksləri alır? - Bu ölkədən

Azərbaycan yeni zenit -raket kompleksləri alır? - Bu ölkədən
02.11.2026 15:58 Xarici siyasət

Rusiya Azərbaycana “Pantsir-S1” hava hücumundan müdafiə sistemləri satmaq istəyir.

TodayPress TV TASS-a istinadən xəbər verir ki, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev Moskva ilə Bakının “Pantsir-S1” zenit-raket və top komplekslərinin satışı ilə bağlı razılığa gələcəyinə ümid etdiyini bildirib.

Şuqayev noyabrın 1-də Rusiyanın “Zvezda” telekanalına müsahibəsində bu sistemə xarici ölkələrdən böyük tələbat olduğunu deyib. Bununla belə, Azərbaycanın neçə kompleks almaq istədiyi, mümkün müqavilənin dəyəri və tərəflər arasında rəsmi danışıqların aparılıb-aparılmadığı barədə məlumat verməyib.

Azərbaycanın rəsmi qurumları məsələ ilə bağlı hələlik açıqlama yaymayıb.

Şuqayev, həmçinin Rusiya və Azərbaycan arasında Rusiya istehsalı olan zirehli texnikaların təmiri üçün müəssisələrin tikintisi və modernləşdirilməsini nəzərdə tutan proqramın imzalandığını açıqlayıb. Azərbaycanın silahlanmasında Rusiyadan alınmış T-90S tankları, BMP-3 piyadaların döyüş maşınları və BTR-80A zirehli transportyorları da var.

“Pantsir-S1” qısa mənzilli hava hücumundan müdafiə kompleksidir. Sistem raketlər və iki ədəd 30 millimetrlik topla təchiz olunub. Təyyarələri, helikopterləri, qanadlı raketləri və pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, Bakı ilə Moskva arasında hərbi əməkdaşlıq məsələsi münasibətlərdə yaşanan gərginlikdən sonra yenidən diqqət mərkəzinə gəlib. 2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində vurulması 38 nəfərin ölümü ilə nəticələnmişdi. Hadisədən sonra Azərbaycan Rusiyadan məsuliyyəti qəbul etməyi və kompensasiya ödəməyi tələb etmişdi.

2025-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin hava hücumundan müdafiə sistemindəki nasazlığın qəzanın səbəblərindən biri olduğunu etiraf etmiş və kompensasiya ödəniləcəyini bildirmişdi. 2026-cı ilin aprelində isə iki ölkənin xarici işlər nazirlikləri qəza ilə bağlı məsələlərin, o cümlədən kompensasiya məsələsinin həll olunduğunu açıqlamışdı.

Digər tərəfdən, “Pantsir-S1” sistemlərinin Ukrayna müharibəsindəki itkiləri də diqqət çəkir. “Oryx” layihəsinin foto və video sübutlarına əsaslanan hesablamasına görə, Rusiya 2022-ci ilin fevralından indiyədək azı 54 belə kompleks itirib. İtkilərin 53-ü “Pantsir-S1”, biri isə təkmilləşdirilmiş “Pantsir-S1M” modelidir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər