Əbu-Dabi qələbəsi Ağayevi dünya reytinqinin zirvəsinə daşıdı!
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) dünya reytinqində liderliyi ələ keçirib. O, həmvətəni Əhməd Yusifovu geridə qoyaraq ilk pilləyə yüksəlib.
TodayPress TV xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirindən sonra dünya reytinqini yeniləyib.
Birləşmiş Ərəb Əmirliklərindəki yarışda qızıl medal qazanan Balabəy Ağayev aktivinə 1000 xal əlavə edib. Beləliklə, ümumi xalını 5473-ə çatdıran idmançımız reytinqin birinci pilləsinə yüksəlib. Bakıda keçirilən dünya çempionatında qızıl medal qazandıqdan sonra liderliyə yiyələnən Əhməd Yusifov isə 5355 xalla ikinci yerdə qərarlaşıb.
“Böyük Dəbilqə” turnirinin qalibi olan Könül Əliyeva (48 kq) reytinqdə yeddi pillə irəliləyərək 2541 xalla 16-cı sıraya yüksəlib.
Uşanqi Kokauri (+100 kq) 5040 xalla dünya reytinqində ikinci pillədəki mövqeyini qoruyub. Dünya çempionatının bürünc medalçısı və 23 yaşadək cüdoçular arasında ikiqat Avropa çempionu Kənan Nəsibov isə 3920 xalla üçüncü yerdən dördüncü pilləyə enib. Camal Həmzətxanov 3290 xalla 11-cidir.
Olimpiya çempionu Hidayət Heydərov (73 kq) Əbu-Dabidə bürünc medal qazandıqdan sonra yeddi pillə irəliləyib. Onun aktivindəki xalların sayı 2083-ə çatıb və cüdoçumuz 19-cu yerə yüksəlib. Bu çəki dərəcəsində Azərbaycan idmançıları arasında ən yaxşı nəticə 4528 xalla dördüncü olan Rəşad Məmmədəliyevə məxsusdur.
“Böyük Dəbilqə” turnirinin bürünc medalçısı Rəşad Yelkiyev (66 kq) 14 pillə irəliləyərək 1825 xalla 20-ci sıraya qalxıb. Həmin çəkidə mübarizə aparan Ruslan Paşayev isə 3420 xalla altıncı yerdədir.
Zelim Tçkayev (81 kq) 4536 xalla dünya reytinqinə başçılıq edir. Ömər Rəcəbli 3647 xalla altıncı, Murad Fətiyev (90 kq) isə 3836 xalla üçüncü pillədə qərarlaşıb.
Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) 2544 xalla 13-cü yerdən 15-ci pilləyə enib. Gültac Məmmədəliyeva (52 kq) isə 1773 xalla 24-cü sıradan 22-ci yerə yüksəlib.