Sülh illuziyası, ordudan sızan xaos və Bakının həmlələri - İrəvan böhran torunda

Sülh illuziyası, ordudan sızan xaos və Bakının həmlələri - İrəvan böhran torunda
01.11.2026 13:00 Təhlil

İrəvan həm daxili böhranlarla üz-üzədir, həm də xarici siyasətdə daralan manevr imkanlarını qorumağa çalışır. Ermənistan mətbuatının əsas gündəmini nəzərdən keçirdikdə diqqət çəkən bir neçə istiqamət ön plana çıxır.

Həftənin əsas müzakirə mövzusu Azərbaycanla sülh prosesi və Bakının irəli sürdüyü tələblər olub. Hökumət rəsmiləri sazişin tezliklə imzalana biləcəyinə dair nikbin bəyanatlar versələr də, müxalifətə yaxın media və analitik platformalar İrəvanın bu açıqlamalarını vaxt qazanmaq cəhdi kimi qiymətləndirir. Sülh danışıqları ətrafında müzakirələrdə Ermənistanın mövqeyi, Bakının tələbləri və İrəvanın seçim imkanlarının məhdudlaşması xüsusi yer tutur.

Bu kontekstdə Ermənistan Təhlükəsizlik Şurasının Azərbaycandan qaz idxalı imkanlarını nəzərdən keçirməsi ilə bağlı açıqlamalar da mediada geniş rezonans doğurub. Erməni mətbuatı məsələyə fərqli yanaşır. Bir tərəfdən bunu regional inteqrasiya və iqtisadi əməkdaşlıq imkanı kimi təqdim edənlər var. Digər tərəfdən isə Azərbaycanın enerji resurslarından mümkün asılılıq ölkənin gələcək enerji təhlükəsizliyi baxımından narahatlıq doğuran məsələ kimi gündəmə gətirilir.

Həftənin digər əsas istiqaməti Ermənistanın Qərblə münasibətləri və Avropa İttifaqı ilə inteqrasiya perspektivləri olub. Aİ rəsmilərinin İrəvana səfərləri və islahat proqramına dəstək bəyanatları hakimiyyətə yaxın media tərəfindən geniş işıqlandırılıb. Bununla belə, analitik yazılarda Qərbin Ermənistana verdiyi siyasi və institusional dəstəyin real təhlükəsizlik zəmanətinə çevrilmədiyi vurğulanır. Ermənistanın Qərbə yaxınlaşmaq siyasətinin ölkənin hərbi-siyasi təhlükəsizlik problemlərini nə dərəcədə həll edə biləcəyi də müzakirə predmetidir.

Ölkənin daxili gündəmində Ermənistan ordusundakı vəziyyət də diqqət çəkib. Hərbi hissələrdən birində hərbçinin güllə yarası ilə ölü tapılması ilə bağlı yayılan məlumatlar Müdafiə Nazirliyinin ünvanına tənqidləri artırıb. Hərbi hissələrdə intizam, zabit və əsgərlər arasında münasibətlər, eləcə də ölüm halları ilə bağlı suallar medianın əsas müzakirə mövzularından birinə çevrilib. Rəsmi İrəvan ordunun modernləşdirilməsindən danışdığı halda, bu cür hadisələr hərbi sistemdəki problemləri yenidən gündəmə gətirir.

Ermənistanın penitensiar müəssisələrində vəziyyət də  diqqət çəkən mövzulardan olub. Ədliyyə Nazirliyinin Cəzaçəkmə Xidmətinin təsdiqlədiyi məlumatlara görə, saxlanma şəraitinə etiraz edən məhbuslar aclıq aksiyasına başlayıblar. Hadisə müxalifətə yaxın media tərəfindən hakimiyyətin insan hüquqları və demokratik idarəçiliklə bağlı bəyanatları fonunda tənqid olunub. Həbsxanalardakı şərait və məhbusların tələbləri ilə bağlı müzakirələr ölkənin daxili problemlərini bir daha gündəmə gətirib.

Hökumətin inzibati qərarları da ictimai müzakirələrdən kənarda qalmayıb. Biometrik pasport sisteminə keçid, şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin artırılması sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Xüsusilə əhalinin sosial vəziyyətinin çətin olduğu bir vaxtda əlavə rüsum və cərimələrin tətbiqi hökumətin qərarlarına münasibətdə narazılığı artıran amillərdən biri kimi təqdim olunur.

Diqqət yetirməli digər hadisə sərhədi keçərək ölkə ərazisinə daxil olmuş Azərbaycan vətəndaşının Bakıya təhvil verilməsi oldu. Erməni tərəfi bu addımı humanitar və konstruktiv yanaşmanın nümunəsi kimi təqdim etdi. 

Ümumilikdə gündəm göstərir ki, ölkə eyni vaxtda bir neçə istiqamətdə problemlərlə üzləşib. Azərbaycanla sülh prosesi, enerji təhlükəsizliyi, Qərblə münasibətlər, ordudakı vəziyyət və sosial narazılıqlar erməni mətbuatının əsas müzakirə mövzularıdır. İrəvan bir tərəfdən xarici siyasətdə yeni tərəfdaşlarla münasibətlərini genişləndirməyə, digər tərəfdən isə daxildə artan narazılıqları idarə etməyə çalışır. Bütün bunların fonunda Azərbaycanla münasibətlər və sülh prosesi Ermənistanın həm siyasi, həm də ictimai gündəminin əsas istiqamətlərindən biri olaraq qalır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər