İran “Mozaika Müdafiəsi”ni aktivləşdirir: ABŞ hədəfləri üzrə siyahılar komandirlərə verildi
İranın ABŞ və İsrailin mümkün birgə hücumuna hazırlıq çərçivəsində ordusuna “Mozaika Müdafiəsi” doktrinasını tam aktivləşdirmək əmri verdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, məlumata görə, mümkün müharibə zamanı yerli komandirlər ABŞ-nin regiondakı iqtisadi və siyasi obyektlərini əhatə edən hədəf siyahıları alıblar.
“Mozaika Müdafiəsi” doktrinası İranın mərkəzi rəhbərliyinin sıradan çıxarılması halında belə hərbi əməliyyatları davam etdirmək məqsədi daşıyır.
Bu sistem çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) 31 əyalət komandanlığının geniş əməliyyat muxtariyyətinə malik olduğu bildirilir. Komandanlıqların öz silah və təchizat imkanları, eləcə də qərar qəbuletmə səlahiyyətləri var. Bu, mərkəzi rəhbərliklə əlaqə kəsildiyi halda belə, yerli komandirlərin raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirməsinə imkan verə bilər.
Bildirilən hazırlıqlar regionda hərbi gərginliyin artdığı bir vaxta təsadüf edir.
Türkan İsgəndərli