Milyona yaxın rus əsgərini qurban verən Moskva nə qazandı?

Milyona yaxın rus əsgərini qurban verən Moskva nə qazandı?
22.10.2026 15:47 Dünya

"Əgər Ukrayna Prezidenti Volodimir Zelenski bu şərtlərlə atəşkəsə razılaşsa, Rusiya müharibədən ərazi qazancı ilə çıxmış olacaq. Lakin bu, Moskvanın bütün məqsədlərinə çatdığı və ya müharibənin strateji baxımdan qalibi olduğu demək deyil".

TodayPress TV xəbər verir ki, bu barədə Çin mediası yazıb.

Ukraynanın təxminən 117 min kvadratkilometr ərazisinin işğal altında olduğu iddia edilir. Müharibə hər iki tərəfə ağır insan itkiləri, iqtisadi zərər və hərbi resursların tükənməsi bahasına başa gəlib.

Münaqişənin nəticələri ilə bağlı yayılan rəqəmlərə əsasən, Rusiya tərəfi də yüz minlərlə hərbçisini itirib, minlərlə tankı sıradan çıxıb. Bununla belə, işğal etdiyi ərazilər və həmin ərazilərdəki faydalı qazıntı ehtiyatları Moskva üçün mühüm strateji üstünlük hesab olunur.

Ərazilərdəki əlvan metal və digər faydalı qazıntı yataqları gələcək iqtisadi qazanc baxımından əhəmiyyətli ola bilər. Ancaq bu sərvətlərin müharibənin bütün xərclərini və itkilərini kompensasiya edəcəyini demək üçün kifayət qədər əsas yoxdur. Resursların çıxarılması, infrastrukturun bərpası və ərazilərə nəzarətin saxlanması da ciddi xərc tələb edir.

Müharibə Rusiyanın hərbi imkanları ilə bağlı sualları da gündəmə gətirib. Moskvanın qısa müddətdə qələbə qazanmaq planlarının uzunmüddətli müharibəyə çevrilməsi, eləcə də pilotsuz uçuş aparatlarının döyüş meydanındakı rolunun artması müasir müharibənin xarakterini dəyişib.

Digər tərəfdən, Ukrayna müharibə ərzində dronlardan istifadə və onların döyüş şəraitinə uyğunlaşdırılması sahəsində böyük təcrübə toplayıb. Bu təcrübə gələcək hərbi strategiyalara da təsir göstərə bilər.

Belə şəraitdə atəşkəs Rusiyaya nəzarət etdiyi əraziləri saxlamaq imkanı verə bilər. Lakin bu, Ukraynanın suverenliyi, təhlükəsizliyi və gələcəkdə yeni hücumların qarşısının alınması ilə bağlı sualları həll etmir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər