Proqnoz verildi: Qarşıdurmalar daha da güclənəcək!
Təhlil
01.04.2026 16:42
Fransa ABŞ-yə İsrailə yük daşımaq üçün öz hava məkanından istifadə icazəsi verməyib və eyni zamanda İsrail ilə silah ticarətini dayandırıb.

Bu barədə “Reuters” yazıb.
Maraqlıdır, bu, yeni qarşıdurmanın xəbərçisi ola bilərmi?
Məsələni politoloq Tofiq Abbasov TodayPress TV-yə şərh edib.

O bildirib ki, bölgədə və onun ətrafında proseslər artıq daha da gərginləşir və daha çox ölkə bu proseslərə birbaşa və ya dolayı yolla cəlb olunur:
“Fransa, Britaniya və Almaniyanın ABŞ-dən ciddi narazılığı var. Bu ölkələr başa düşürlər ki, hazırkı administrasiya faktiki olaraq Təl-Əvivin tələblərini müttəfiqlərin təklif və maraqlarından üstün tutur. Bu tendensiya ABŞ-də uzun müddətdir mövcuddur, lakin indi daha açıq şəkildə görünür”.
Tofiq Abbasov əlavə edib ki, Donald Trampın ilk prezidentliyi dönəmində (2017-2021 Avropa dövlətləri ilə münasibətlər gərgin olub; o həm təhqiramiz ifadələr işlədib, həm də müttəfiqlərin maraqlarını nəzərə almadan qərarlar qəbul edib. İkinci dönəmdə (2025-...) isə bu siyasət daha qabarıq şəkildə özünü göstərir.
Analitik vurğulayıb ki, Avropa dövlətləri ABŞ-nin siyasətindən nəticə çıxarıb:

“Ukrayna məsələsində ABŞ-nin məsuliyyəti kənara qoyması Avropada narazılıq yaradıb. Vaşinqtonun mövqeyi müttəfiqliyi zəiflədir. Hazırda Körfəzdə İran ABŞ və İsrailin hücumuna məruz qalır. Avropa ölkələri isə açıq şəkildə bildirirlər ki, bu onların müharibəsi deyil”.
Politoloq hesab edir ki, İsrail yaxın günlərdə çətinliklərlə üzləşə bilər:
“Fransa və Almaniya sərt mövqedədir, Britaniya isə hərbi dəstək vermir. Livan cəbhəsində həm texniki, həm də insan resursları çatışmır, İran isə İsrailə təsirli raket zərbələri endirir. Bu, İsrailin hərbi maşınının hərəkətində ləngiməyə və ciddi çatışmazlıqlara səbəb olur”.
Analitik əlavə edib ki, Avropanın mövqeyi ABŞ və İsrailə qarşı özünəməxsus “siyasi reaksiyası” kimi də qiymətləndirilə bilər.
“Avropalılar ABŞ siyasətində müəyyən lobbi təsirini qəbul etmirlər və özlərini təhqir olunmuş hesab edirlər. Bu lobbi dünyanın geosiyasi gedişatına təsir edir ki, Avropa üçün bu, qəbuledilməzdir”, – deyə o bildirib.
Politoloq həmçinin vurğulayıb ki, Avropa Rusiyaya qarşı öz təsirini artırır, Ukraynanı dəstəkləyir və regiondakı resursların (neft, qaz, litium, daş kömür) üzərində nəzarəti gücləndirmək niyyətindədir.

O, sonda bildirib ki, hansı dövlətin hansı bölgəni və resursu nəzarətdə saxlayacağı yaxın gələcəkdə aydınlaşacaq:
“Bu, amansız bir mübarizədir. Dünya müharibəsinin işartılarını artıq görürük və növbəti 3–5 il ərzində bu qarşıdurmalar daha da güclənəcək, yeni bölgülər meydana çıxacaq”.
Jalə Rövşən
tag: Tofiq Abbasov,Politoloq,Fransa ,ABŞ, İsrail,Todaypress.tv,
