Polşa ABŞ-yə YOX dedi: “Patriot”ların taleyi necə olacaq?

Təhlil

01.04.2026 11:27

Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Polşa özünün "Patriot" hava hücumundan müdafiə sistemlərini ABŞ-yə vermək niyyətində deyil:

“Bizim “Patriot” batareyalarımız və onların silahları Polşa hava məkanının, həmçinin NATO-nun şərq cinahının qorunması üçün istifadə olunur. Bu baxımdan heç nə dəyişməyib və biz onları başqa yerdə yerləşdirməyi planlaşdırmırıq. Müttəfiqlərimiz missiyamızın nə qədər vacib olduğunu bilirlər”.

Nazirin bəyanatını TodayPress TV-yə şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-nin İranla mümkün müharibə fonunda Avropadakı hərbi resurslarını geri çəkmək istəyi NATO daxilində gərginliyi artırır.


Onun sözlərinə görə, ABŞ-İran qarşıdurması səbəbilə Vaşinqton Avropanın şərqindən, xüsusilə Polşa ərazisində yerləşdirilmiş “Patriot” raket sistemlərini geri tələb edir:  

“Polşa bu addımla razılaşmaya bilər, çünki Rusiya-Ukrayna müharibəsi davam edir və bu sistemlər ölkənin hava müdafiəsində mühüm rol oynayır. Əgər bu raket sistemləri geri verilərsə, Polşanın hava təhlükəsizliyi zəifləyə bilər və bu vəziyyət Rusiyanın hərbi maraqlarına uyğun olar”.

Analitik, həmçinin qeyd edib ki, Ağ Ev lideri Donald Trampın dövründə ABŞ-nin Avropa müttəfiqləri ilə münasibətləri artıq böhranlı mərhələyə daxil olub.

Ekspertin fikrincə, ABŞ növbəti mərhələdə Avropanın şərqindən öz qoşunlarını da çıxara bilər və bu, NATO daxilində gərginliyi daha da artıra bilər. O, ABŞ-Polşa münasibətlərində soyuqluğun yaranacağını, həmçinin hərbi texnika və silah tədarükünün gecikdirilə biləcəyini də istisna etməyib.

“Yeni formalaşan qlobal siyasi nizam çərçivəsində ABŞ diqqətini daha çox Çin və İran üzərinə yönəldir. Avropanın təhlükəsizliyinə görə məsuliyyətin isə artıq Avropa ölkələrinin öz üzərinə düşdüyünü vurğulayır”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.   

Aysel Mətləb

TodayPress TV

tag: Məhəmməd Əsədullazadə,Politoloq,Polşa,NATO,Patriot,ABŞ,Todaypress.tv,