Pənah Hüseyn Baş nazir kimi Baş nazir Paşinyana nə öyrədərdi?
Nikol Paşinyanın Ermənistanda yenidən baş nazir seçilməsi fonunda regiondakı yeni siyasi reallıqları və idarəçilik böhranlarını təhlil etmək imkanı yaranıb.
Məsələyə tam fərqli bucaqdan baxmaq istədik.
TodayPress TV Azərbaycanın 3-cü Baş naziri olmuş Pənah Hüseynə sorğu ünvanladı və soruşdu:
“Təsəvvür edək ki, bütün regional şərtlər eynidir və siz Azərbaycanda baş nazirsiniz, Paşinyan da Ermənistanda. Belə bir təsəvvür fonunda bir-birinizin sistemindən (bəlkə də rəqibi daha yaxşı çökdürmək və ya öz sistemini gücləndirmək üçün) idarəçilik baxımından nəyi öyrənmək maraqlı olardı? Həmçinin seçkilərdə Rusiya məsələsi çox aktualdır. Sizin də Baş nazie olduğunuz zaman Rusiya ilə münasibətlər kritik olub. Paşinyana Rusiya ilə münasibətlərdə necə davranmağı məsləhət görərdiniz?”
O bildirdi ki, Rusiya, Ermənistan və Azərbaycanın dövlət idarəçilik sistemləri fərqlidir, bu səbəbdən Azərbaycan Baş naziri ilə Ermənistan Baş nazirinin statusları və funksiyaları fərqlidir:
“Hesab edirəm ki, bu baxımdan onların müqayisəsi müəyyən mənada qüsurlu olardı. Paşinyan Ermənistanın Baş naziridir və Ermənistan parlament respublikasıdır. Orada parlament seçkilərində qalib gələn, parlamentdə çoxluğu təşkil edən partiya hökuməti formalaşdırır və faktiki olaraq icra hakimiyyətinin başçısı səlahiyyətləri də Baş nazirin əlində cəmlənir. Bunu mütləq nəzərə almaq lazımdır”.
Pənah Hüseynin sözlərinə görə, Ermənistandakı seçkiləri təkcə Ermənistan cəmiyyətinin seçimi və daxili proses kimi deyil, həm də Rusiya ilə Qərb arasında cərəyan edən, eləcə də digər regional aktorların iştirak etdiyi mübarizənin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır:
“Bu seçkinin nəticələri də şərti olaraq adlandırdığımız həmin müharibənin epizodlarından biridir. Bu baxımdan məsələyə yalnız daxili siyasi proses kimi yanaşmaq doğru olmaz. Burada ciddi əhəmiyyətə malik olan məsələlərdən biri, şübhəsiz ki, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində Ermənistan üzərində qazandığı qələbənin və Ermənistanın məğlubiyyətinin erməni xalqı və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunmasının spesifikliyidir. Bu həm siyasi, həm də elmi baxımdan böyük maraq doğuran hadisədir. Çünki bir qayda olaraq, belə məğlubiyyətlərdən sonra dövləti idarə edən siyasi komanda ya tamamilə sıradan çıxır, ya da uzun müddət ölkənin siyasi taleyinin müəyyən edilməsində iştirak etmək imkanını itirir. Ermənistanda isə fərqli bir mənzərə müşahidə etdik. Paşinyanın və onun siyasi komandasının timsalında gördüyümüz budur ki, yuxarıda qeyd etdiyimiz xarici amillərlə yanaşı, erməni cəmiyyətinin və erməni xalqının şüurunda baş vermiş ciddi deformasiyaların da nəticələri özünü göstərir. Eyni zamanda erməni xalqı sanki onu fəlakətə aparan, məhvə sürükləyən çoxəsrlik tarixi xəttdən xilas olmaq refleksi nümayiş etdirir”.
Sabiq baş nazirin fikrincə, Paşinyanın və onun siyasi komandasının öz ideoloji platforması vasitəsilə buna nail olub-olmayacağını zaman göstərəcək, amma bu, Ermənistan xalqı üçün bir şansdır və həmin şansdan istifadə olunub-olunmayacağı gələcəkdə müəyyənləşəcək:
“Bu prosesdən nəticə çıxarmaq lazımdır. Əlbəttə ki, Paşinyanın və onun komandasının çox ağır şərtlər daxilində siyasi hakimiyyəti qoruyub saxlaması, bunun üçün demokratik prinsiplərdən və mexanizmlərdən istifadə etməsi, eləcə də geosiyasi seçimdə o qədər də əlverişli görünməyən, kifayət qədər riskli bir istiqamət müəyyənləşdirərək qalib gəlməsi olduqca ciddi şəkildə araşdırılmalı və öyrənilməli hadisələrdəndir. Bunun Azərbaycan üçün də əhəmiyyəti var və bu baxımdan proses aktualdır. Çünki Azərbaycanda bir çoxları köklü siyasi islahatların aparılmasını riskli hesab edir və bunun üçün daha sakit, sabit, bir növ dırnaqarası “əlverişli dövr”ün yetişməsini əsaslandırmağa çalışırlar. Amma Ermənistanın və Paşinyanın hazırkı vəziyyəti, ən azı indiki mərhələdə əldə etdiyi uğur, bunun əksini göstərən arqumentləri də ortaya qoyur. Bu baxımdan Azərbaycanda həm hakimiyyət, həm də müxalif siyasi qüvvələr bu prosesdən nəticə çıxarmalı və ondan yararlanmalıdırlar”.
Qiymət Mahir